16 C
Baku
Wednesday, November 5, 2025

“Balinalar sadəcə almır” — Bitcoin niyə ucuzlaşdı?

Ötən gün dünyanın ən populyar kriptovalyutası bitkoin (Bitcoin) 7,4% ucuzlaşaraq iyundan bəri ilk dəfə 100 000 dollar həddinin altına düşüb. Son bir ayda investorlar təxminən 400 000 bitcoin satıblar ki, bu da 45 milyard dollarlıq vəsait axınına və bazarda balanssızlığa səbəb olub. Azalma əsasən uzunmüddətli sahiblərin satış dalğası ilə əlaqələndirilir.

Banker.az xəbər verir ki, oktyabr enişindən fərqli olaraq, bu dəfə qiymət azalması kredit çiyni ilə deyil, investor inamının zəifləməsi ilə bağlıdır. “10x Research” şirkətinin rəhbəri Markus Tilen Bloomberg agentliyə bildirib ki, portfelində iri Bitcoin saxlayanların satışları nəticəsində bazarda disbalans yaranıb. “K33” şirkətindən Vetle Lunde qeyd edib ki, son bir ayda 6–12 ay saxlanılan 319 000-dən çox bitcoin aktivləşib və bu, mənfəətin reallaşdırıldığını göstərir.

Bitcoinin spot birjada qiyməti, həftəlik qrafikdə:

3242(Foto: İnvestAZ İ.Ş. MT4)

Bu dəfə satışlar əsasən spot bazarda cəmlənib və fyuçers bazarında müşahidə olunan kəskin likvidasiyalar (mövqelərin məcburi bağlanması) baş verməyib. “CoinGlass” məlumatına görə, son 24 saatda 2 milyard dollar həcmində mövqelər bağlanıb, bu isə keçən ayki 19 milyard dollarlıq göstəricidən xeyli azdır. Bitcoin fyuçerslərinə maraq aşağı səviyyədə qalır, opsion treyderləri isə 80 000 dollar səviyyəsinə yönəlmiş put (opsionda satış mövqe) kontraktları ilə enişə oynayırlar.

Tilen uzunmüddətli sahiblərlə yeni alıcılar arasında artan fərqin qiymət istiqamətinə təsir etdiyini bildirir. Onun sözlərinə görə, ilin əvvəlində 1 000–10 000 bitcoin-ə sahib olan “meqa-balinalar” satışlara başlayıblar və bu, yay aylarında bitcoin-in yan hərəkətli dinamikasını formalaşdırıb. 10 oktyabr enişindən sonra isə ümumi tələbin zəiflədiyi müşahidə olunur.

Tilen əlavə edib ki, bəzi açıq şəkildə izlənilə bilən göstəricilər mənfi zonaya keçib, bir çox investorlar zərərə düşərək mövqelərini bağlayır. 100–1 000 bitcoin aralığında olan sahiblərin aktiv toplanması da azalıb: “Balinalar sadəcə almır.”

O, enişin gələn ilin yazına qədər davam edə biləcəyini və 2021–2022-ci illərdəki kimi bir milyonadək bitcoin satışının təkrarlana biləcəyini istisna etmir. Tilenin fikrincə, bazar hələ konsolidasiya mərhələsindədir və qiymət bir qədər də aşağı düşə bilər: “Maksimum eniş proqnozum 85 000 dollardır.”

Son xəbərlər
Digər xəbərlər