Azərbaycanda akvakultura və balıq emalı sahəsində vergi güzəştlərinin verilməsi, idxaldan asılılığın azaldılması təklif olunur.
Bu təkliflər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.
Belə ki, Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin və onların aradan qaldırılması ilə bağlı təkliflərin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
Xidmətin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş aidiyyəti ərazi vergi orqanlarının, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Görüşdə həmçinin akvakultura və balıq emalı sahəsindəki çətinliklər müzakirə edilib.
Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.