9.1 C
Baku
Wednesday, November 6, 2024

Balkanlara alternativ mənbələrdən qaz idxalı müzakirə olunacaq

Aprelin 27-də Tirana şəhərində Qərbi Balkan ölkələrinə qeyri-Rusiya mənbələrindən qaz tədarükünə dair danışıqlar keçiriləcək.

Danışıqlarda region ölkələrinin və müvafiq qaz ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın, habelə regiona LNG ixrac etməyə maraqlı olan ABŞ nümayəndələri iştirak edəcək.

Hökumətdəki mənbələrə görə, danışıqların gündəliyindəki məsələlər arasında cari ilin sentyabr ayınadək istismara verilməsi nəzərdə tutulan IGB (İnterconnector Greece Bulgaria) layihəsilə bağlı mövcud vəziyyət də olacaq. Bununla yanaşı, tərəflər IAP (İonic Adriatic Pipeline), Avropa İttifaqı tərəfindən “Ümumi maraq layihələri” (PCI) siyahısına salınmış BRUA (Bulgaria – Romania – Hungary – Austria) qaz kəməri və regiondakı digər qaz kəmərləri layihələrinə bağlı olduqlarını təsdiqləyəcəklər.

“Qərbi Balkan regionu qaz hasilatını artıran Azərbaycan üçün öncül bazar sayılır. Avropa İttifaqı da region ölkələrinə Azərbaycan qazı idxal etməklə “Avropa Yaşıl Sövdələşməsi” çərçivəsində kömürdən asılı vəziyyətdən qurtulmalarına kömək olmağı hədəfləyir” – deyə hökumətdən bildiriblər.

Belə ki, region ölkələri Azərbaycan qazına olan tələbatlarını müəyyənləşdirərək il ərzində təqdim edəcəklər. “Ehtiyac duyulan qaz miqdarı aydınlaşdıqda müvafiq kommersiya danışıqlarına başlaya, habelə Qərbi Balkan regionuna qazımızın tədarükünə dair texniki və kommersiya şərtlərini araşdıra biləcəyik” – deyə SOCAR-dakı mənbələr bildiriblər.

Bəllidir ki, Qərbi Balkan ölkələrinə qaz tədarükündə Azərbaycan bir sıra mənbələrdən biri olacaq. Məsələn, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP (Trans Adriatic Pipeline) layihəsinin keçdiyi Albaniya 2023-cü ildən həmin boru kəməri vasitəsilə Azərbaycan təbii qazını, eyni zamanda ABŞ-dan LNG idxal etmək niyyətindədir. Şimali Makedoniya Yunanıstanın Aleksandrupolis qəsəbəsində 2023-cü ildən istismara verilməsi nəzərdə tutulan, ötürmə gücü 5,5 milyard kubmetr olan LNG terminalından qaz əldə edəcək. Monteneqroda da bənzər terminal tikintisi məsələsi müzakirə olunur. Xorvatiyada isə Krk şəhərində uğurla fəaliyyət göstərən terminalı daha da genişləndirmək nəzərdə tutulur.

Fevral ayında Avropa İttifaqı nümayəndələrinin Bakıda apardığı danışıqlar zamanı TAP layihəsini Qərbi Balkan ölkələrinə doğru genişləndirməyin zərurəti qeyd olunmuşdu.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayından fəaliyyət göstərən TAP vasitəsilə Xəzərdəki “Şahdəniz” qazı Yunanıstana, Bolqarıstana, İtaliyaya nəql olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər