“Bank Avrasiya”ın faiz gəlirləri 2019-cu ilin oktyabr ayının 1-nə 8 milyon 410 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bankın faiz gəlirləri 9 milyon 98 min manat olub. Belə ki, bankın faiz gəlirləri 8% azalıb.
Banker.az bu barədə “Bank Avrasiya”nın maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ilin yanvar-sentyabr aylarında bankın faiz xərcləri 1 milyon 840 min manat olub, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 11% azalma deməkdir.
“Bank Avrasiya”nın cari ilin 9 ayında qeyri-faiz gəlirləri 1 milyon 242 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 586 min manat təşkil edib. Belə ki, ötən ilin müvafiq dövrüylə müqayisədə bankın qeyri-faiz gəlirləri 24%, qeyri-faiz xərcləri isə 6% artıb.
Bu ilin yanvar-sentyabr aylarında bankın əməkhaqqı və digər kompensiya növləri üzrə xərclər 1 milyon 405 min manat, ümumi və inzibati xərcləri 319 min manat, amortizasiya xərcləri 475 min manat, digər xərcləri isə 1 milyon 387 min manat olub.
2019-cu ilin yanvar-sentyabr dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 699 min manat ayrılıb.