“Bank of Baku”-nun da sponsoru olduğu “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar : təcrübələrin öyrənilməsi” adlı 7-ci Mikromaliyyə konfransı öz işini başa vurub.
Ənənəvi xarakter alan bu konfransın məqsədi risklərin idarə edilməsi sahəsində ən qabaqcıl təcrübə ilə bölüşmək və Azərbaycan mikromaliyyə sektorunun təkmilləşdirilməsinə yönəlmiş ideyaları müzakirə etmək olub.İki günlük konfrans zamanı mikromaliyyə sektorunun funksionallığını təkmilləşdirmək yollarına dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Konfransda “Bank of Baku” da təmsil edilib. Bankın Mikrokreditlər Departamentinin Direktoru Rüstəm Məlikov “Müştərilərin şikayətləri və maliyyə xidməti istehlakçılarının rəy və təklifləri ilə məşğul olmaq/idarə etmək” mövzusunda çıxış edib.Öz nitqində “Bank of Baku”-nun Departament Direktoru bildirib ki, bank istehlakçı rəyinə xüsusi əhəmiyyət verir və öz fəaliyyətində onları hər zaman nəzərə alır. Bankda istehlakçıların müraciətlərinə baxılması, araşdırılması və cavablandırılmasına dair xüsusi qaydalar və prosedurlar qüvvədədir və bank istehlakçılarla münasibətdə bu sənəddən çıxış edir. Bu gün “Bank of Baku” böyük sayda müştəri ilə işləyir və belə bir böyük insan kütləsi ilə qarşılıqlı əlaqədə olmaq, onların problem və qayğılarını dinləyib yoluna qoymaq planlı və davamlı fəaliyyət tələb edir.
“İstehlakçılar banka müraciətlərini şifahi və yazılı formada edə bilirlər. Şifahi müraciət istehlakçının bankı birbaşa ziyarət etməsi və ya 145 Məlumat Mərkəzinə zəngi vasitəsilə qəbul edilir.Yazılı müraciətlər isə filialların şikayət və təklif qutuları, elektron poçt ünvanı və faks vasitəsilə qəbul edilir”.
“Bank of Baku” nümayəndəsi korporativ internet səhifədə “Təklif və Şikayətlər” üçün ayrıca keçidin yerləşdirildiyini qeyd etdi. İstehlakçılar bu link vasitəsi ilə bankda istehlakçıların müraciətlərinə baxılması, araşdırılması və cavablandırılmasına dair qaydalar, onların qısa xülasəsi ilə tanış ola bilər və eyni zamanda öz təklif və şikayətlərini banka ünvanlaya bilərlər. Şikayətlərin cavablandırılması Bankın Müşahidə Şurasına tabe olan “İstehlakçılarla işin təşkili xidməti” tərəfindən həyata keçirilir. Bildirildi ki, 2014 – cü ilin ilk 3 rübü ərzində bank tərəfindən 1830 müraciət rəsmi qeydiyyata alınıb. Daxil olan müraciətlərin təxminən 54 %-i müştərilərin xeyrinə təmin edilmişdir.
Tədbir iştirakçıları həmçinin kənd təsərrüfatı maliyyəsində yeniliklər, islam mikromaliyyəsi, mikromaliyyədə enerji səmərəliliyi məsələləri, maliyyə savadlılığı yoxsul təbəqənin həyat şəraitinin orta səviyyəyə çatdırılmasına necə kömək edə bilər və digər mövzularda ətraflı fikir mübadiləsi aparmışlar.