Bank borc verməkdən nə vaxt imtina edə bilər: Konstitusiya Məhkəməsi qərar verdi

0
Arxiv foto: Konstitusiya Məhkəməsi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsi istehlak kreditlərinə də şamil edilir. Həmin maddənin tələblərinə uyğun olaraq, borc alanın əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdiyi təqdirdə, bank (borc verən) kreditin verilməsindən imtina edə bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


 

Maddə 746. Borc vermək vədi

Borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir.