“Bank BTB” ASC fond bazarından 3 milyonluq borc cəlbi üçün yola çıxır.
Banker.az xəbər verir ki, bu barədə emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.
Belə ki, hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxılacaq.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 14% faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.
“Azərbaycan bank sektoru məhsul çeşidlərinə görə çox inkişaf etmişdir və bu da bazar iştirakçıları arasında ciddi rəqabət yaradır”- deyə, sənəddə qeyd edilir.
Bildirilir ki, mövcud müştəri bazasının qorunması və yeni müştərilərin cəlb edilməsi üçün hər bir bazar iştirakçısı, o cümlədən Bank “BTB” ASC xidmət keyfiyyətinin və müştəri təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, biznes proseslərə innovativ həllərin tətbiqi və digər alətlərdən aktiv istifadə etməkdədir.
18 Bank “BTB” ASC universal bank xidmətləri göstərir, qanunvericilikdə və bank lisenziyasında nəzərdə tutulan bütün xidmətləri təklif edir. Emitent bütün məhsul çeşidləri üzrə bütün bank rəqibləri, o cümlədən oxşar maliyyə xidmətləri göstərən bank olmayan kredit təşkilatları ilə rəqabət aparır.
Hazırda bazarda 23 bank və 57 bank olmayan kredit təşkilətları fəaliyyət göstərir. Azərbaycan bank bazarı son illər ərzində sürətlə artsa da, xüsusilə rəqəmsal həllər hesabına bank dövriyyəsi yüksəlsə də, əhalinin və biznes banklaşma səviyyəsi hələ də tam mənimsənilməyib və bazarın artım potensialı yüksək olaraq qalır. Bu çərçivədə, cari və gələcək çağırışları, habelə yeni müştəri təcrübələrinin inkişafını nəzərə alaraq, son illər ərzində Emitent satış nöqtələrinin optimizasiyasını təmin etmiş, rəqabət üstünlüyü yüksək olan məhsul çeşidlərinə və biznes proseslərə fokuslanmış, növbəti strateji dövrdə isə innovativ çağırışları nəzərə alaraq müvafiq transformasiyaları planlaşdırır.
Qeyd edək ki, emitentin xarici bazarlarda rəqabəti mövcud deyil. Emitentin daxili bazarında 2023-ci il üzrə ümumi gəlirləri 34.62 mln. manat olmuşdur ki, bunun da 87%-i faiz gəlirləri, qalan 13%-i isə haqq və komisyon gəlirlərindən ibarətdir. Bankın faiz gəlirlərinin 48%-i istehlak, 38%-i biznes, 14%-i isə ipoteka kreditləri seqmenti üzrədir. 2022-ci il 33.1 mln. manat olmuşdur ki, bunun da 86%-i faiz gəlirləri, qalan 14%-i isə haqq və komisyon gəlirlərindən ibarətdir.Emitentin faiz gəlirlərinin 47%-i istehlak, 38%-i biznes, 15%-i isə ipoteka kreditləri seqmenti üzrədir. 2021-ci il 31,2 mln. manat olmuşdur ki, bunun da 85%-i faiz gəlirləri, qalan 15%-i isə haqq və komisyon gəlirlərindən ibarətdir. Emitentin faiz gəlirlərinin 48%-i istehlak, 37%-i biznes, 15%-i isə ipoteka kreditləri seqmenti üzrədir.
Bankın gəlirləri Azərbaycan mənbəyindən formalaşır. Emitentin xidmət şəbəkəsi əsasən Bakı şəhərində yerləşib, bundan əlavə Gəncə və Sumqayıt şəhərlərində xidmət nöqtələri mövcuddur. Bankın gəlirlərinin 82%-i Bakı şəhəri üzrədir.