Bank “BTB” ASC-nin Müşahidə Şurasına iki yeni təyinat olmuşdur. Belə ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Rövşən Fərhad-zadə və Ramin Hüseynov Müşahidə Şurasının üzvləri seçiliblər.
Bankın komandasına yeni qoşulan Ramin Hüseynov bank və real sektorda ümumilikdə 19 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.
R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.
2015-ci ildən tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb, 2021-2023-cü illər ərzində “AccessBank” ASC-də İdarə Heyətinin sədr müavini, Baş maliyyə inzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir.
2023-2024-cü illərdə Bank BTB-nin Müşahidə Şurasının Sədrinin müşaviri vəzifəsində çalışmışdır. Hazırda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, Bankın Audit Komitəsinə sədrliyi də icra edir.
O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür. R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.