6 C
Baku
Friday, March 6, 2026

Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatına çevrilmə formasında yenidən təşkili məsələsi ilə bağlı məlumat

Bank “BTB” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 25 fevral 2026-cı il tarixli iclasında rəqəmsallaşan maliyyə sektorunda rəqabət mühitinin mürəkkəbliyini və bu qəbildən olan digər riskləri nəzərə alaraq, xərclərin optimallaşdırılması və səhmdar kapitalının qorunması məqsədilə Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi ilə bağlı qanunvericilikdən irəli gələn proseslərin həyata keçirilməsi, o cümlədən bununla bağlı qabaqcadan razılığın alınması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsinə dair qərar qəbul edilmişdir. Bu iclasda, həmçinin, Bank “BTB” ASC ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə”nin imzalanması qərara alınmış və 2 mart 2026-cı il tarixində həmin müqavilə imzalanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilmə formasında yenidən təşkilinə qabaqcadan razılıq verilməsi ilə əlaqədar Mərkəzi Banka müraciət edilmiş, Mərkəzi Bank tərəfindən müvafiq razılıq əsasında yenidən təşkil prosesinə başlanılmışdır.

Proses çərçivəsində, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə imzalanmış müqaviləyə əsasən, Bank “BTB” ASC-nin aktivləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansına keçəcək, eyni zamanda öhdəlikləri də “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən qarşılanacaq. Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər öz istəklərinə əsasən, 10 mart 2026-cı il tarixindən etibarən müvafiq razılıq əsasında depozitlərini mövcud müqavilə şərtləri ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçirə, yaxud depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə öz vəsaitlərini həmin bankdan geri götürə bilərlər.

Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ötürüləcək və ödənişlərin “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən qəbulu həmin şərtlərlə davam etdiriləcək.

Kreditlərin və bank qarşısında olan digər öhdəliklərin müştərilər tərəfindən Banka ödənilməsi, eləcə də əmanətçilər və digər kreditorlar qarşısında Bankın öhdəliklərinin icrası ilə bağlı zəruri məlumatlandırma Bank “BTB” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən həyata keçiriləcəkdir.

Sözügedən müqavilə əsasında aktiv və öhdəliklərin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ötürülməsi başa çatdıqdan və qanunvericiliklə müəyyən edilmiş digər tələblər təmin edildikdən sonra bankın lisenziyasının ləğv olunması və yeni yaradılacaq BOKT-a xüsusi razılığın (lisenziya) verilməsi ilə bağlı Mərkəzi Banka müraciət edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər