10 C
Baku
Tuesday, November 26, 2024

“Bank BTB” sədrindən “digər bankla konsolidasiya”ya dair açıqlama

“Konsolidasiya ilə bağlı bankımıza təklif gəlməyib və bizim bank tərəfindən də kiməsə analoji təklif edilməyib”. Bu barədə “Bank BTB” ASC-nin Müşahidə Şurasının sədri Rza Sadiq məlumat verib.

Sədr 2018-ci ilin Azərbaycanın bank sektoru üçün daha uğurlu olacağını və artıq müsbət tendensiyaların müşahidə olunduğunu bildirib.

“Bu il ötən ildən daha uğurlu olacaq. Ötən ili bank sektoru üçün müəyyən qədər dönüş ili adlandırmaq olar. Çünki bütün məcmu göstəricilərdə müsbət tendensiya görünür. Bu o deməkdir ki, 2018-ci il üçün lazımi impuls götürülüb. Bizim də bütün biznes planlarımız, strategiyamız 2018-ci ildə daha yaxşı nəticələr əldə etmək üzərində qurulub. Qısa müddət keçməsinə baxmayaraq, artıq həmin tendensiyalar izlənilir. Bu, illik hesabatda da əksini tapıb. Biz digər bankları da izləyirik. Prinsipcə, bütün bank sektorunu təbrik etmək olar ki, artıq uğurlu işləməyə başlayıblar”, – deyə R.Sadiq qeyd edib.

O bildirib ki, qısamüddətli dövrdə Banka hər hansı xarici səhmdarın cəlb edilməsi planlaşdırılmır.

“2017-ci ilin sonunda səhmdar kapitalını artırdıq. Bundan öncə də Bankın məcmu kapitalının normativə uyğun olmasına baxmayaraq, gələcəkdə aktivlərimizi artırma planlarımıza uyğun olaraq nizamnamə kapitalı daha da artırılıb. Hazırda bu göstərici növbəti il üçün planlarımıza tam kifayət edir. Ancaq yenə də, səhmdarların planları uzunmüddətli olduğunu nəzərə alaraq, ehtiyac olarsa, kapitalı daha da artırmağa hazırıq. Hazırda xarici səhmdarlarla hər hansı danışıqlar aparılmır. Lakin daha uzunmüddətli perspektivdə bu məsələyə də baxıla bilər”, – deyə Müşahidə Şurasının sədri əlavə edib.

Qeyd edək ki, “Bank BTB” ASC-nin məcmu aktivləri illik müqayisədə 11,3% artaraq 2018-ci il yanvarın 1-nə 268,77 mln. manat təşkil edib. Ötən il “Bank BTB”-nin müştərilərə verdiyi kreditlərin məbləği 7,4% artaraq 154,688 mln. manata çatıb. Hesabat dövründə Bankın cəmi öhdəlikləri 5,9% artaraq 214,799 mln. manat təşkil edib. Bunun 90,32 mln. manatı depozit, o cümlədən 33,415 mln. manatı müştərilərin müddətsiz, 56,905 mln. manatı isə müddətli depozitləridir.

Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi isə bu ilin əvvəlinə 26,19 mln. manat olub ki, bu illik müqayisədə 15% azdır.

2018-ci il yanvarın 1-nə “Bank BTB”-nin xüsusi kapitalı 52,381 mln. manat, cəmi kapitalı isə 53,971 mln. manat təşkil edib. 2017-ci ilin dekabrında “Bank BTB” nizamnamə kapitalını 14,45 mln. manat və yaxud 27,8% artıraraq 66,45 mln. manata çatdırıb. Kapital artımı əlavə səhm emissiyası hesabına mümkün olub. Belə ki, hər birinin nominal dəyəri 1 000 manat olan 14 450 ədəd yeni adi, adlı, sənədsiz səhmin yerləşdirilməsi başa çatıb və dekabrın 13-də emissiyanın yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

“Bank BTB” 2017-ci ildə 687 min manat xalis mənfəət əldə edib. Bu müddətdə faiz gəlirləri 13,837 mln. manat, qeyri-faiz gəlirləri 2,25 mln. manat, faiz xərcləri 9,503 mln. manat, qeyri-faiz xərcləri isə 11,934 mln. manat təşkil edib. Son nəticədə, maliyyə qurumunun əməliyyat zərəri 5,35 mln. manat olsa da, aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrılmış vəsaitdən 6,03 mln. manat götürülməklə mənfəətə çıxmaq mümkün olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun səhmləri Nigar İsmayıl qızı Mehdiyevaya, Rza İsmayıl oğlu Sadiqə və Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər