“Bank BTB” ASC-nin səhmdarların qərarı ilə Müşahidə Şurasına yeni üzv seçilib, İdarə Heyətinin sədri və üzvləri dəyişdirilib.
Banker.az bu barədə əldə etdiyi məlumata istinad edir.
Səhmdarların qərarı ilə, indiyə qədər İdarə Heyətinin üzvü olan Rövşən Fərhad-zadə Eldar oğlu Müşahidə Şurasına üzv seçilib. O, bu vəzifədə Əliş Tağıyev Talış oğlunu əvəz edib.
İdarə Heyətinin sədri Emil Rzayev Sabir oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Eldəniz Hüseynov Ramiz oğlu 1-ci müavin təyin edilərək müvəqqəti əvəzləyib.
Eldəniz Hüseynov 1984 – 1992-ci illərdə Azərbaycan Neft Akademiyasında ali təhsil alıb. 2020-ci ildə “Bank BTB” ASC-nin İdarə Heyətinin üzvü təyin olunub.
2020-ci ildə bankın İdarə Heyətinin üzvü təyin edilən Rauf Qurbanov Fazil oğlu yeni qərara əsasən İdarə Heyətinin sədrinin müavini təyin edilib.
Zaur Yusifov Ağa Zeynal oğlu İdarə Heyətinin üzvü seçilib, o bu vəzifədə Kamran Quliyev Vaqif oğlunu əvəz edib.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır. Bankın səhmlərinin 74.99%-i Nigar Mehdiyevaya, 19.01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.