26 C
Baku
Wednesday, April 24, 2024

“Bank faizlərinin aşağı salınması gözlənilmir”

“İndi elə vəziyyətdir ki, banklara göstəriş, təklif verməklə, xahiş etməklə nəyəsə nail olmaq, mühiti dəyişmək mümkün deyil”.

Bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun parlamentdəki çıxışına münasibət bildirərəkən deyib.

İqtisadçı qeyd edib ki, bankların öz resurslarını necə əldə etməsi reallığını dəyərləndirmək lazımdır: “Kommersiya banklarının resurslarının dəyərinin nəyə bərabər olduğuna diqqət etmək lazımdır. Ona da diqqət etmək lazımdır ki, bunun müqabilində onlar krediti hansı faizlə verə bilərlər.

Ölkədə əmanətlərin cəlb edilməsinin ən aşağı dərəcəsi 12 faizdir, bunlar da sığortalanan əmanətlərdir. Sığortalanmayan əmanətlərin faiz dərəcələri isə daha yüksəkdir.

Belə vəziyyətdə banklar heç bir halda öz gəlirini də bunun üzərinə qoyaraq kredit təqdim etməz”.

Ekspert faiz dərəcələrinin aşağı salınması üçün yeganə mənbənin büdcə olduğunu diqqətə çatdırıb: “Mərkəzi Bankın mərkəzləşdirilmiş şəkildə bu il banklara təqdim etdiyi kredit resurslarının həcmi böyük deyil. Əgər Mərkəzi Bank özü daha ucuz faizlərlə kommersiya banklarına kredit resursları təqdim edərdisə, bunun təsir imkanı olardı. Nəticədə kommersiya banklarının qarşısına hansısa tələbləri qoymaq olardı.

Bu gün Azərbaycanda kredit faizlərinin aşağı salınmasına imkan verən yeganə mənbə dövlət büdcəsindən güzəştli kreditlər üçün ayrılan vəsaitlərdir. Bunların da həcmi məhduddur və bank kreditlərində xüsusi çəkiyə malik deyil. Bu baxımdan qarşıdan gələn inflyasiyalı dövrdə bank faizlərinin aşağı salınmasını gözləməyə dəyməz”.

Milli Məclisin martın 17-də keçirilən iclasında çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov manatın devalvasiyasından sonra bankların müflis olacağı fikirlərinə münasibət bildirərəkən bunları məsuliyyətsiz, populist çıxışlar adlandırıb. O, kommersiya banklarına faiz dərəcələrini aşağı salmağı və əmanətlərin vaxtını uzatmağı tövsiyə edib.

Modern.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər