Bank filiallarında insan əlindən tərpənmək olmur – Yeni narazılıq meydana çıxıb

Müasir dövrdə çox az adam tapılar ki, bank xidmətlərindən istifadə etməsin. Təbii ki, bank xidmətindən yararlanmaq istəyən şəxs bunun üçün müştəri xidmətlərinə müraciət etməlidir.

Amma müştəri xidmətləri bütün banklarda ürəkaçan səviyyədə deyil. Çox vaxt müştərilər banklarda yaranmış uzun növbələrlə üzləşirlər. Həmçinin, banklarda xidmət göstərən pəncərələrin az olması, kassaların tez bağlanması, həftə sonlarının qeyri-iş günü olması da narazılıq doğuran məsələlərdəndir.

Müştərilər tərəfindən bu və digər məsələlərlə bağlı şikayətlər daxil olub. Müraciətlərin əksəriyyəti bankların şənbə və bazar günləri işləməməsi və iş günlərində bank filiallarında saatlarla davam edən növbələrin yaranması ilə bağlıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP)mənbənin mövzu üzrə sorğusuna cavab olaraq bildirildi ki, bankların iş rejimi onların daxili reqlamenti ilə tənzimlənir: “Ölkədə fəaliyyət göstərən əksər bankların müəyyən filialları həftəsonu da müştərilərə xidmət göstərir, bəzi bankların filialları isə 24/7 rejimində çalışır”.

“Bundan əlavə, bayram və digər tədbirlərlə bağlı qeyri-iş günləri ərzində əhalinin və turistlərin valyutadəyişmə və digər xidmətlərdən rahat faydalanmaları üçün Palatanın tövsiyəsi ilə bankların bir sıra filial və şöbələri gücləndirilmiş iş rejimində çalışır. Həmin günlər ərzində Palatanın işçi heyətindən ibarət xüsusi monitorinq qrupu bank xidmətləri ilə bağlı müraciətləri qəbul edir” — deyə MBNP-dən qeyd olundu.

Palatadan “Bank filialları az və ya bankın müştəriləri çoxdurnu deyə bu problemlər yaşanır?” sualımıza da cavab verildi: “Makroiqtisadi sabitlik fonunda iqtisadiyyatda müşahidə olunan canlanma kredit aktivliyinin yüksəlməsi ilə bank xidmətlərinə tələbatı artırıb. 2018-ci ilin I yarımilliyində bankların kredit portfeli 3.3% artaraq (375 mln. AZN) 11.7 mlrd. AZN təşkil edib. Hazırda fəaliyyətdə olan 30 bankın 511 filialı müştərilərə müxtəlif bank xidmətləri göstərir”.

Bank kartı, arxiv fotosu

“Palata tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilir. Vətəndaşlar xidmət sahələrində yarana biləcək hər hansı bir çətinliklə bağlı müraciət ünvanlaya bilərlər. Müştərilər tərəfindən bankların iş rejimi ilə bağlı şikayətlər Palataya daxil olmayıb. Qeyd edək ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də virtual bankçılıq inkişaf edir. Və bu da o deməkdir ki, vətəndaşlar banklara əvvəlki qədər axın etmirlər” – deyə qurumdan bildirildi.

UNEC-in professoru, bank-maliyyə məsələləri üzrə ekspert Elnur Sadıqov da problemi Sputnik Azərbaycan-a şərh edib. Onun sözlərinə görə, Azərbaycanda banklarla bağlı qanunda qeyd olunub ki, bank filialları poçtlardan fərqli olaraq həftə sonları işləmir.

“Mərkəzi Bank valyuta qiymətini cümə günü elan edir və birinci günə keçirir. Əgər şənbə və bazar günü müştəri bankda hər hansı bir əməliyyat həyata keçirərsə, bank orada nə valyuta kursunu dəyişə bilməz və heç bir əməliyyat apara bilməz” — deyə mütəxəssis bildirib.

E.Sadıqovun fikrincə, buna görə də bank filiallarının şənbə-bazar işləməsinə ehtiyacyoxdur: “Eyni zamanda, bank işçiləri də fasiləsiz işləyə bilməz. Onlar da istirahət etməlidirlər. Şənbə və bazar günlərində müştərilər əməliyyatlar aparmaq üçün poçtlara müraciət etməlidirlər. Filiallarda həftəiçi vaxt itirmək istəməyən müştərilər isə onlayn bankçılıqdan istifadə etməlidirlər”.