İstər-istəməz hər bir kreditorda obyektiv və subyektiv səbəblərdən qısa və uzun müddətli gecikmələri olur. Belə vəziyyətdə isə bank müştəriyə xəbərdarlıq etməklə yanaşı müəyyən addımlar da atır. Və hətta gecikməyə görə hüquqi və fiziki şəxsin, eləcə də zaminin bank hesabına blok qoyur.
Bəs bankın belə addım atmağa hüquqi əsası varmı?
Suala iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru və maliyyə eksperti Anar Bayramov aydınlıq gətirib. O, açıqlamasında bildirib ki, kredit ödənişini gecikdirən şəxsin bütün hesabları dərhal bloklana bilməz:
“Bu, hamının yanlış bildiyi bir məsələdir. Bank öz qərarı ilə yalnız müştərinin öz bankındakı hesablarına məhdudiyyət qoya bilər. Digər banklarda olan hesablara və kartlara isə toxuna bilməz. Borclu müştərinin digər bankdakı hesabı yalnız məhkəmə qərarı ilə bloklana bilər.
Məhkəmə qərarı olmadan heç bir bank müştərinin digər bankdakı hesabına müdaxilə edə bilməz. Bu ciddi qanun pozuntusudur”.
Müştərinin zamininə qarşı bank hansı addımlar ata bilər?
Müsahibimiz bununla bağlı qeyd edib ki, zaminə qarşı atılan istənilən addım ancaq məhkəmə qərarından sonra mümkündür:
“Kredit ödənişi gecikdiyi zaman bank zaminə şifahi xəbərdalıq edə bilər. Amma gecikməyə görə zaminin maaş və pensiya kartını, eləcə də depozitini bloklaya bilməz.
Bu qəti qadağandır. Bununla belə, bankın əməkdaşları bəzi hallarda zamini ödənişə məcbur etmək üçün “hesabınızı da blok edəcəyik” deyir.
Bu, sadəcə psixoloji təzyiqdir. Hüquqi mexanizmi yoxdur. Bankın zaminin hesabına birbaşa müdaxilə etməyə ixtiyarı yoxdur”.
Bəs kredit borcuna görə müştərinin maaş kartı bank tərəfindən dondurula bilərmi?
Anar Bayramov bildirib ki, əgər müştərinin maaş kartı kredit götürdüyü banka məxsusdursa və müqavilədə “bank daxili qarşılaşdırma” bəndi varsa, o zaman bu addım atıla bilər:
“Əgər maaş kartı başqa banka məxsusdursa o zaman karta blok qoyula bilməz. Eyni zamanda müştərinin bankda depoziti varsa və müqavilədə xüsusi qeyd varsa, o halda bank onu müvəqqəti dondura bilər. Ancaq başqa bankda olan depozitə toxuna bilməz.
Təəssüf ki, bəzi hallarda banklar borclu müştərinin depozitini və yaxud kartını bağlayırlar. Çünki çox adam hüququnu bilmir. Banklar da insanları “blok” sözü ilə qorxudur. Amma məhkəmə qərarı yoxdursa, blok qanunsuzdur.
Ona görə də hesabına məhkəmə qərarı olmadan blok qoyulan şəxslər ilkin olaraq Mərkəzi Banka onlayn və yaxud yazılı şikayət edə bilər. Əgər icra sənədi yoxdursa, blok dərhal götürülür”.







