28 C
Baku
Saturday, July 27, 2024

Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları təsdiq edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nı təsdiq edib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Qaydalara əsasən, bankların məcmu kapitalının minimum miqdarı 50milyon manat məbləğində olmalıdır. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.

Qaydalara görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qabaqcadan yazılı icazəsi olmadan bank səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz, habelə xarici bank nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.

Bankların nizamnamə kapitalı yalnız Azərbaycan Respublikasının milli valyutasında ödənilən pul vəsaiti ilə formalaşdırılır.

Həmçinin qaydalara görə, yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.

“Müşahidə Şurası və İdarə Heyəti məcmu kapitalın bankın üzləşdiyi bütün risklərin səviyyəsinə uyğun həcmdə, bu qaydalarda müəyyən edilən minimum miqdardan az olmayaraq, saxlanmasını və onun adekvatlıq normalarına riayət olunmasını təmin etməlidir. Kapitalın bankın biznes fəaliyyətinin və risk mühitinin xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi və onun səviyyəsinin müəyyən edilməsi mexanizmləri, o cümlədən bankın məruz qaldığı kredit, bazar, əməliyyat və digər risklərin məcmu kapitalın adekvatlığına potensial təsirinin qiymətləndirilməsi prosedurları mövcud olmalıdır. Risklərin idarə edilməsi üzrə bankın siyasətində onun kapitala olan cari və gələcək tələbatı, gözlənilən kapital xərcləri, kapitalın arzuolunan səviyyəsi və strukturu, kapitalın daxili və xarici mənbələri, həmçinin bankın maliyyə vəziyyətinin pisləşməsi halında əlavə kapital vəsaitlərinin cəlb edilməsi imkanları və müddətləri müəyyən edilir. Bank məruz qaldığı risklərin və bu risklərin dəyişməsinin bankın gəlirliyinə, məcmu kapitala və onun adekvatlığına təsirini qiymətləndirir. Qiymətləndirmə bank risklərinin xüsusiyyətləri nəzərə alınmaqla bankın müəyyən etdiyi dövriliklə stress-testləşdirmə və ya risklərin idarə edilməsi sahəsində tətbiq olunan digər metodlardan istifadə edilməklə həyata keçirilir”, – deyə qaydalarda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər