Müasir dövrdə insanların çoxunun debet və ya kredit, yaxud da hər iki bank kartı var. Banklar daim kartların təhlükəsizlik sistemini mürəkkəbləşdirirlər, lakin dələduzlar öz növbəsində onu sındırmaq üsullarını tapırlar. Bank kartınız varsa, baş verə biləcək problemlərin qarşısını almaq üçün, bank kartları ilə dələduzluq növləri haqqında məlumat almağınız faydalıdır.
Skimming
Skimming bankomatlara xüsusi qurğuların quraşdırılmasını nəzərdə tutur, onların köməyilə cinayətkarlar kart haqqında məlumat alırlar. Onlara əlavə klaviatura (həqiqidən fərqlənməyən) və kart məlumatlarını öyrənmək üçün kart oxuyucusuna (card reader) quraşdırılan cihazı aid etmək olar. Klaviatura əvəzinə pin-kodun daxil edilmə prosesini çəkən miniatür kamera da quraşdırıla bilər.
Axı bütün ATM-lərdə kameralar var, nə üçün skimming avadanlıqları quraşdırıldıqda cinayətkarları təsbit etmək olmur? Çünki bir şəhərdə bir bankın yüzə yaxın ATM-i ola bilər və onları real vaxt rejimində izləmək real deyildir. Bank, əlbəttə, kamera qeydlərini yoxlayacaq, lakin dələduzlar artıq işlərini gördükdən sonra.
Skimming-in qurbanı olmamaq üçün bir neçə məsləhət:
- Mümkün qədər, ATM-lərdən çox tez-tez istifadə etməyin. Daha yaxşı olar ki, bankın filiallarındakı ATM-lərdən istifadə edəsiniz (lakin bu da təhlükəsizliyi tam təmin etmir). Cinayətkarlara qurğularını küçə, dəmir yolu, metro və s. ATM-lərində quraşdırmaq daha asandır.
- Kartınızı yerləşdirməzdən əvvəl, ATM-ə diqqətlə göz gəzdirin. Klaviaturaya toxunmağa cəhd edə bilərsiniz, əgər həqiqidirsə, onda heç bir şey olmayacaq, lakin saxtadırsa, yerindən tərpənə bilər. ATM-lərin çoxunda antiskimming qurğuları (qıfıl piktoqramı olan yaşıl lövhəcik) var. Bəzən dələduzlar eynisini düzəldirlər, lakin onları öz məqsədləri üçün istifadə edirlər (onları fərqləndirmək çox çətindir). Bu yaşıl lövhəni tərpətməyə çalışın. Həqiqisi yerindən tərpənməyəcək, saxtası isə tərpənə və ya düşə də bilər.
- Pin-kodu daxil edərkən həmişə ikinci əliniz ilə klaviaturanı yaxşıca örtün.
- Çipli kartlar sadə maqnit kartlarından daha etibarlıdır. Ona görə də onları istifadə etmək tövsiyə olunur.
- Bankın skimming-dən qorunmağa imkan verən bütün mümkün xidmətlərindən istifadə edin. Yerinə yetirdiyiniz əməliyyatlara limit (məsələn, gün ərzində müəyyən məbləğ) təyin edin, tranzaksiyaların sms-təsdiqi xidmətindən istifadə edin.
Kabus ATM
Burada yalnız görünüşcə ATM-ə bənzəyən qurğulardan söhbət gedir. Onlar adətən digər, real ATM-lərin olmadığı yerlərdə və hər hansı mühafizə xidməti tərəfindən nəzarət olunmayan ərazilərdə quraşdırılır. Bir qayda olaraq, tanınmamış və ya ümumiyyətlə, mövcud olmayan bank (bankdan asılı olmayaraq, sadəcə təcili pul çəkmək istəyən birinə ümid edərək) seçilir. Ekranda adi menyu görünür. Kart yerləşdirilir və istifadəçiyə səhv haqqında məlumat verilir. Heç bir şeydən şübhələnmədən, adam çıxıb gedir. Saxta ATM isə artıq kartdan bütün məlumatları götürüb. Dələduzlara yalnız kartın dublikatını düzəltmək qalır.
Belə ATM-i aşağıdakı əlamətlərinə görə asanlıqla tanımaq olar:
- Konstruksiya möhkəm dayanan real ATM-lərdən fərqli olaraq, asanlıqla hərəkət etdirilir. Bundan başqa, içində nağd pul üçün seyf olmadığından, o kifayət qədər yüngül olur.
- Yaxınlıqda enerji mənbəyi olmur (adətən ATM-lər elektrik şəbəkələrinə qoşulur).
- ATM-i quraşdıran bank haqda məlumat olmur. Yaxud da ATM-in dizaynı digərlərindən kəskin şəkildə fərqlənir.
- Quraşdırılma yeri adətən nəzarət olunmayan, sərbəst giriş-çıxışı olan ərazi olur.
Yoldan keçənin köməyi
Bu növ dələduzluğun mahiyyəti ATM-ə kartı bloklayan və onu geri verməyən cihazın quraşdırılmasından ibarətdir. Kartını uğursuz olaraq çıxartmaq cəhdləri edən adam özünü itirir. Bu zaman onun köməyinə “yaxşı” dələduz gəlir, müxtəlif məsləhətlər verir və özünü ATM-lərin təcrübəli istifadəçisi kimi göstərir. “Kömək” prosesində o müxtəlif düymələri basır. Özünü itirmiş adam adətən asanlıqla pin-kodu yığmağa razılaşır və cinayətkar onu yadda saxlayır. “Kömək” prosesi bir müddət də davam edir, sonra isə dələduz çıxıb gedir və adama banka müraciət etməyi məsləhət görür. Adam çıxıb gedir, dələduz isə kartı sakitcə çıxardır və pulların hamısını çəkir. Pin-kodu yadda saxlaya bilmədikdə də problem deyil. Kartdan mağazalarda da istifadə etmək və ya internetdə nə isə almaq olar.
Aşağıdakı tövsiyələrə əməl etməklə bu növ dələduzluqdan qorunmaq mümkündür:
- ATM kartı vermirsə, panikaya düşməyin, ilk növbədə kart oxuyucusunu nəzərdən keçirdin. Ehtimal ki, orada yad əşyalar (məsələn, məftilin ucları) görəcəksiniz. Onları görsəniz, çox güman ki, özünüzə dartaraq kartınızı asanlıqla çıxardacaqsınız, dələduzların planı isə baş tutmayacaq.
- Yoldan keçənlərin köməyindən istifadə etməyin və əlbəttə ki, heç kimin yanında pin-kodu yığmayın və söyləməyin.
- Kartı çıxarda bilmirsiniz? Dərhal banka zəng edin. Birincisi, hadisəni danışın. İkincisi, kartı bloklaşdırın – bundan sonra heç bir dələduz pulunuzu əldə edə bilməyəcək. Yalnız bankın əməkdaşı kartın bloka salındığını dedikdən sonra, ATM-i tərk etmək olar.
“Mağaza” dələduzları
Mağaza, restoran, yanacaq doldurma məntəqələri və digər bu kimi yerlərdə kartla ödəniş etməyə öyrəşmişik və pul itirmək təhlükəsi barədə düşünmürük belə. Lakin həmin təşkilatların vicdansız əməkdaşlarından heç kim sığortalanmayıb. Kartınızın məlumatları xüsusi əl skimmer-i ilə müəyyən edilərək pullarınızın oğurlanmasına səbəb ola bilər.
Kartınızın təhlükəsizliyini aşağıdakı üsullarla qoruya bilərsiniz:
- Restoran və ya kafelərdə kartınızı hesabın içinə qoymamağa çalışın. Terminalı gətirməyi xahiş edin.
- Kartla ödəniş etdikdə, edilən əməliyyatları diqqətlə izləyin. Onu naməlum cizahlara qoymağa, başqa yerə aparmağa və s. icazə verməyin.
- Terminalın klaviaturasını həmişə digər əlinizlə örtün.
- Əməliyyatlara dair sms-məlumat xidmətindən istifadə edin.