“Bank of America” strateqləri ABŞ texnologiya sektorunda mümkün qiymət köpüyündən narahat olan investorlar üçün “Invesco QQQ Trust” (tiker kodu: $QQQ) ETF-i üzrə call opsionlarını alternativ kimi göstərirlər.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, QQQ ETF-i “Nasdaq 100” indeksini izləyir və ABŞ-ın iri texnologiya şirkətlərinə geniş ekspozisiya verir.
Bankın qiymətləndirməsinə görə, ABŞ texnologiya səhmləri hazırda 32 aktiv sinfi və sektor arasında ən yüksək köpük riski daşıyan istiqamətdir. “Nasdaq 100” indeksindəki yüksəlişin böyük hissəsinin isə süni intellektlə əlaqəli az sayda iri şirkətin hesabına formalaşması riskləri artırır.
Bununla belə, “Bank of America” texnologiya səhmlərindən tam uzaqlaşmağı təklif etmir. Strateqlər QQQ üzrə opsion spredlərini daha cəlbedici hesab edirlər.
Bu strategiya investorun potensial zərərini əvvəlcədən məhdudlaşdırmaqla yanaşı, “Nasdaq 100”də yüksəliş davam edərsə bundan gəlir əldə etməyə imkan verir.
Yəni bankın yanaşmasına görə, texnologiya sektorunda qiymətləndirmələr yüksək və köpük riski böyükdür, amma yüksəlişin davam etməsi də mümkündür. Buna görə birbaşa səhmlərə böyük məbləğ yatırmaq əvəzinə, məhdud riskli opsion strukturlarından istifadə daha ehtiyatlı seçim kimi göstərilir.








