17 C
Baku
Tuesday, October 14, 2025

“Bank of Baku” ilk üç rübdə 24 milyon manat xalis mənfəət açıqladı

“Bank of Baku” ASC 2025-ci ilin ilk doqquz ayı 24 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,9% artım deməkdir. 2024-cü ilin eyni dövründə 20 milyon manat olmuşdu.

Banker.az xəbər verir ki, bu barədə Bankın rüblük maliyyə hesabatında qeyd edilir.

Bununla da balansındakı bölüşdürülməmiş mənfəət 104,6 milyon manata yüksəlib.

Mənfəət artımına əsasən faiz gəlirlərinin yüksəlməsi təsir edib. Belə ki, faiz gəlirləri illik müqayisədə 14,7% artaraq 129,2 milyon manata çatıb. Bunun əsas hissəsini – 122 milyon manatı müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Eyni zamanda, faiz xərcləri 25,4% artaraq 51 milyon manata yüksəlib.

Nəticədə bankın xalis faiz gəliri 8,7% artımla 78,1 milyon manat olub. Qeyri-faiz gəlirləri də 16,2% artaraq 15,1 milyon manata çatıb.  Qeyri-faiz xərcləri isə ötən ilin eyni dövrünə nisbətən cüzi – 1,5% artaraq 62,6 milyon manata bərabər olub.

Bank dövlətə mənfəətindən öncəki illə müqayisədə bu il 25,7% daha çox 8,2 milyon manata vergi ödəyib.

Bankın aktivləri 2025-ci ilin 30 sentyabr tarixinə 1,12 milyard manat təşkil edib və bu göstərici ilin əvvəli ilə müqayisədə 19,6% artım deməkdir. Müştərilərə verilmiş kredit portfeli 14,7% böyüyərək 872,4 milyon manata, depozit portfeli isə 17,9% artaraq 698,6 milyon manata çatıb.

Ümumi kapital 8,5% artımla 168,9 milyon manat səviyyəsində formalaşıb.

Son xəbərlər
Digər xəbərlər