11 C
Baku
Sunday, December 8, 2024

“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib

®Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının geniş tərkibdə ABŞ-yə ilk işgüzar səfəri uğurla həyata keçirilib.

Səfərdə “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev də iştirak edib.

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə verməkdir.

Səfər zamanı ilk olaraq ABŞ Dövlət Departamentində, daha sonra digər bir sıra mühüm qurumlarda dövlət rəsmiləri və ABŞ banklarının nümayəndələri ilə görüşlər keçirilib.

Müxtəlif mövzularda təqdimatlar edilib, bank sektoruna dair müasir həllər, süni intellektin bu sahədə tətbiq imkanları, müxbir bank əlaqələrinin qurulması, həmçinin biznes, maliyyə, bank sektoru ilə əlaqədar əhəmiyyətli mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bu səfərin iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmləndirilməsində əhəmiyyəti də vurğulanıb.

Qeyd edək ki, “Bank of Baku” 30 illik fəaliyyətə malik aparıcı Azərbaycan banklarındandır və 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə müxtəlif istiqamətlərdə bank xidmətləri təqdim edir.

 

Son xəbərlər
Digər xəbərlər