“Bank of Baku” ASC 2023-cü ilin ilk rübündə maliyyə nəticələrini bir qədər də yaxşılaşdırmaqla rübü 9.54 mln. manatlıq xalis mənfəətlə tamamlamış oldu.
Banker.az xəbər verir ki, bankın ilk rübdə faiz gəlirlərinin həcmi 41% artımla 29.67 mln. manat olmaqla, bunun da 28.52 mln. manatı kredit faizləri üzrə gəlirlər təşkil edib.
Hesabat ilində kredit təşkilatının faiz xərcləri illik müqayisədə 2 dəfə artımla 8.72 mln manat olub.
Bank 2.19 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 15.15 mln. manat qeyri-faiz xərci çəkib. Qeyri-faizlərində 7.86 mln. manatı əməkhaqqı xərclərinə çəkdiyi xərcdir.
Beləliklə, 7.98 mln. manat əməliyyat mənfəəti əldə etmiş olub. Ötən ilin eyni dövrü bu rəqəm 7.53 mln. manat idi.
Bununla belə, bank mümkün zərərlər üzrə 5.39 mln. manat ehtiyata ayırma etməsi onun xalis mənfəətini öncəki ilin analoji dövründən bir qədər azaldıb.
“Bank of Baku” 1-ci rübdəki 13.37 mln. manat mənfəətindən 3.83 mln. manat mənfəət vergisi ödəmiş və 9.54 mln. manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti öncəki ilin eyni dövrü ilə müqayisədə 3% azdır.
Son illəri mənfəətlə işləyən bankın balansında 1 aprel 2023-cü il tarixinə 70.82 mln. manat bölüşdürülməmiş mənfəət yaranıb. Qeyd edək ki, hazırda “Bank of Baku”nun səhmdarları bazarda 52.87 mln. manat səhm kapitalı ilə çıxış edir və bu bank üçün olduqca müsbət bir amildir.
BALANSI
Aktivlərin həcmi illik müqayisədə 5% artımla 736.13 mln. manata yüksəlib. Burada 583.59 mln. manatı kredit portfeli (rüblük dəyişmə: +1%), 69 mln. manatı banklara və kredit təşkilatlarındakı depozitlər (+2 dəfə), 31.16 mln. manat qiymətli kağızlar (+37%), 83.43 mln. manatı nağd vəsaitlər (+71%) və 11.32% əmlakı (-2%) olub.
Bank depozit portfelini ilk rübdə 7% artımla 391.28 mln. manata çatdırıb. Burada fiziki şəxslərin depozitlərinin 11% artımla 365.16 mln. manata yüksəlməsi xüsusi qeyd edilməlidir.
Cəmi öhdəliklərin həcmi 1-cü rübdə 4% artmaqla 603.63 mln. manata yüksəlib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.