4 C
Baku
Thursday, December 25, 2025

Bank rəhbəri teleaparıcıya təyyarə və yaxta hədiyyə edib

Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin aparıcısı Nailə Əsgərzadənin “Bombardier Global 6000″ biznes jet və 62 metrlik “SEA&Us” yaxtasından istifadə etdiyini aşkar edib.

Bu barədə “Azadlıq radiosu”nun Rusiya xidməti məlumat verir. KMF əməkdaşları jurnalistin “Instagram” hesabındakı şəkillərini təyyarələrin və gəmilərin hərəkəti haqqında açıq məlumatlarla müqayisə ediblər. Onlar həmçinin Barselona limanında park edilən yaxtanın şəkillərini çəkərək aparıcının hesabında yayımladığı fotoşəkillərlə müqayisə ediblər.

Biznes jet hazırda Belizdə ofşor şirkətdə qeydiyyatdan keçib. Lakin jetin benefisiarları bəlli deyil. Təyyarənin əvvəlki sahibi “VTB” Bankın strukturlarından biri olub. “Bombardier Global 6000”in qiyməti təxminən 60 milyon dollardır. Yaxta da ofşorda qeydiyyatdadır, qiyməti 62 milyon dollardır.

Navalnı qeyd edib ki, Əsgərzadə “VTB” rəhbəri Andrey Kostinlə xüsusi “münasibətdə” olduğu üçün jet və yaxtadan istifadə edə bilir. “Nailə Əsgərzadə belə bir şeyi özü ala bilməz. O, dövlət telekanalı “Rossiya 1”-də aparıcı işləyir. O, nə Solovyovdur, nə də Kiselyov. Dövlət təbliğatının ulduzu deyil”, – deyə müxalifət lideri vurğulayıb. Bu zaman Navalnı bildirib ki, Kostinin “VTB”-dən aldığı əmək haqqı da yaxtanı saxlamağa kifayət etmir.

2019-cu ilin aprel ayında mediaya nəzarət edən “Roskomnadzor” Rusiyanın “VTB” dövlət bankı və onun rəhbəri Andrey Kostinin, habelə Nailə Əsgərzadənin adının hallandığı minədək internet resursuna çıxışı bloklayıb. Aprelin 4-ü “Baza” nəşri bildirib ki, “Yandeks.Dzen” əvvəlcə “VTB”-yə, sonra Nailə Əsgərzadəyə məxsus yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı silib. Məqalədə deyilirdi ki, Əsgərzadə “VTB” rəhbəri ilə münasibətləri sayəsində bu mənzilə sahib ola bilərdi. 

 “Qafqazinfo”

 

                                                                                                           Azpolitika.info

Son xəbərlər
Digər xəbərlər