®Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən respublikanın aparıcı banklardan biri olan Bank Respublika, 14 iyun – Ümumdünya Qan Donoru Günü ərəfəsində növbəti xeyirxah təşəbbüs həyata keçirib.
Belə ki, Respublika Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının dəstəyi ilə Bankın Ofisində talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün “Qan ver, bir həyat da sən qurtar” şüarı altında qanvermə aksiyası həyata keçirilib.
Aksiyaya “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, Bankın rəhbər heyəti, eləcə də müxtəlif departament və filiallarının əməkdaşları könüllü olaraq qoşulub. Qeyd etmək lazımdır ki, bu kimi qanvermə aksiyaları Bank Respublikada artıq ənənə halını alıb və mütəmadi olaraq həyata keçirilir.
Aksiya çərçivəsində donorların sağlamlıq vəziyyəti Respublika Qan Bankının peşəkar həkim-hematoloqları tərəfindən əvvəlcədən yoxlanılıb və yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb.
Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.