“Bank Respublika” ASC aktivləri cari ilin əvvəlindən III rübün sonuna qədər 25% artaraq 2 milyard 717.9 milyon manata yüksəlib. Bankın aktivlərinin artımı əsasən banklar və digər maliyyə institutlarındakı depozitlərin, eləcə də müştərilərə verilmiş kreditlərin genişlənməsi hesabına baş verib.
Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlər 1 milyard 471,9 milyon manatdan 1 milyard 577,2 milyon manata yüksələrək 7,2% artıb.
Portfelin strukturunda ən böyük payı biznes kreditləri təşkil edib – onların həcmi 1 milyard 69,6 milyon manat olub və bu, illik müqayisədə 5,5% artım deməkdir. Əlavə olaraq kommersiya bankının əsas gəlir sahəsi olan bu kreditlər indiyə qədər bu həddə olmamışdı.
İstehlak kreditləri 342,5 milyon manata çataraq 9,7%, daşınmaz əmlak kreditləri isə 165,1 milyon manata yüksələrək 12,9% artım göstərib. Xalis kredit portfeli (ehtiyatlar çıxıldıqdan sonra) 1 milyard 465,3 milyon manatdan 1 milyard 566,2 milyon manata qalxıb.
2025-ci ilin ilk üç rübündə bankın faiz gəlirləri 217,7 milyon manat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% artım deməkdir. Bu gəlirlərin 190,3 milyon manatı müştərilərə verilmiş kreditlərdən, 15,6 milyon manatı digər banklardakı depozitlərdən, 4,7 milyon manatı isə investisiya qiymətli kağızlarından əldə olunub. Faiz xərcləri isə 90,8 milyon manata çataraq ötən ilin 63,2 milyon manatı ilə müqayisədə 43,8% artıb. Ən böyük faiz xərcləri cəlb edilmiş kreditlərə (46,2 milyon manat) və depozitlərə (38 milyon manat) yönəlib.
Qeyd edək ki, bankın depozitləri ilk üç rübdə 12,4% artımla 1 milyard 515,4 milyon manata yüksəlib. Hüquqi şəxslərin depozitləri 711,8 milyon manatdan 912,9 milyon manata qalxaraq 28% artım göstərib, lakin fiziki şəxslərin əmanətləri 636,2 milyon manatdan 602,5 milyon manata enib (-5,3%).