Bank sektorunda devalvasiyadan sonra problemli kreditlərin həcmi durmadan artmaqdadır. Bu artım tempi 2013-2014-cü illərdə də kifayət qədər yüksək olsa da, 2015-ci ilin Fevral ayından bu yana daha sürətlə artmağa başlayıb. Mərkəzi Bank hesabatları açıqlamaqda tələsmir – son ümumi hesabat mart ayının sonuna aiddir. Qeyd edək ki Mart ayında vaxtı keçmiş kreditlərin həcmi Fevrala nisbətən 75 milyon manat artaraq 1.2 milyard manatı keçmişdir. Mütəxəssislərin fikrincə, artım Aprel və May aylarında kifayət qədər çox olacaqdır ( Devalvasiyadan sonra ödəniş etməyən və gecikmə müddəti 30 – 60 günə çatanlar).
Paralel olaraq, banklar devalvasiyanın fəsadı olan gecikmələrin panikasını yaşamaqdadır. Çünki, indiyə qədər elə bir hal baş verməmişdir ki, gecikmə artımına bu qədər təkan versin. Keçən ay 10 milyon gecimədə olan bank, 2 aydan sonra bu portfelin 2 dəfə artaraq 20 milyon olmasının şahidi olur.
Bu səbəb də, hazırda bankların çoxu Problemli Kreditlər üzrə Mütəxəssis (bundan sonra PKM) axtarışındadır. Bəzən banklar bu tip şəxsləri gizli və ya digər vəzifə (hüquqşünas) adı altında axtarırlar ki, ictimaiyyətə bankda problem olmağı haqqında informasiya sızmasın. Bu tip kreditlərin həll edilməsində adi kredit mütəxəssisləri bir qədər gücsüzdürlər – bu prosesdə müştəriyə müəyyən hüquqi təsirlər tələb olunur. PKM işçiləridə məhz bu sahə üzrə ixtisaslaşmış şəxslər – “mən ölüm” sözünə inanmayan kəslərdir.
Qeyd edək ki, PKM ilə hüquqşünasın vəzifəsi bəzi banklarda eyni olsa da, bəzilərində fərqli xarakter daşıyır. Loru dildə desək, PKM məhkəməyə qədərki iş (kredit işçisindən sonrakı mərhələ) , hüquqşünas isə sırf məhkəmə ilə məşğul olur. Müştərinin məhkəməyə getməsi həm maliyyə həm də vaxt baxımdan bank üçün sərfəli deyildir, bu baxımdan müştərinin məhz PKM səviyyəsində həlli bank üçün (həmçinin müştəri üçün) olduqca vacibdir.
Bəs bu sahənin mütəxəssisləri nələri bilməlidir?
Banklar tərəfdən bu vəzifəyə olan tələblər müxtəlifdir. Lakin, Banker.az olaraq bu tələbləri ümumiləşdirib ümumi bir rezüme hazırlamağa çalışdıq (rəsmi və qeyri rəsmi nüansların təsviri ilə).
Tələblər:
- Ali təhsil ( Hüquq profilli ali təhsilə üstünlük verilir)
- Səlist danışmaq qabiliyyəti
- Müştəri ilə dil tapmaq bacarığı-lazım gəldikdə daha sərt və ya yumşaq tonlarda danışmaq
- İş təcrübəsi ( PKM işləyibsə daha yaxşı, lakin kredit işçisi kimi təcrübəsinin olmasıda keçərlidir). Bankda iş təcrübəsi olanlara xüsusi üstünlük verilir.
- Kompüterdə işləmək bacarığı (əsasən MS Office). Bank proqramında işləmək sonradan öyrədilir, bankların çoxunda müxtəlif proqramlardan istifadə olunur.
- Hüquq sahəsindən ümumi biliklər. Mülki Məcəlləni yaxşı bilmək.
- Stressli , təzyiqli iş şəraitində işləmək bacarığı.
İşin təsviri:
- Müştərinin kredit dosyesi ilə tanış olmaq
- Müştəri ilə ilkin kontaktın qurulması. Müştərinin ödəməmə səbəblərinin araşdırmaq.
- Müştəriyə təsir vasitələrinin müəyyən edilməsi ( zamin, qohum və ya sözü keçən digər yaxın adam, girov və s.)
- Müştərinin biznesinə və ya yaşayış ünvanına səfərlərin edilməsi. Eləcə də proses əsasında yuxarıda qeyd olunan təsir vasitələrindən zaminlər və müştərinin yaxınları ilə görüşlərin keçirilməsi.
- Müştərilərlə növbəti görüşlər və ödəniş tarixlərinin qeydiyyatının aparılması.
- Müştərilərdən yığımların qeydiyyatının aparılması, mütəmadi müdriyyətə məlumatın verilməsi.
- Bəzi hallarda müştərilərin sənədlərinin məhkəməyə verilməsi üçün hazırlanması
- Bəzi hallarda məhkəmələrdə iştirak etmək və icraçılarla işin davam etdirilməsi
Bu siyahını təbii ki uzatmaq da mümkündür, amma qeyd olunan nüanslar demək olar ki, PKM işinin əsasında durur.
Son dövrlə hansı kredit təşkilatlarının məhz PKM (hüquqşünas) axtardığı haqqında informasiyanı TopMedia.az saytından istifadə etməklə diqqətinizə çatdırırq. Düşünürük ki, bu tip vakansiyaların sayı yaxın 2-3 ay ərzində artacaqdır.