2 C
Baku
Saturday, December 14, 2024

“Bank Standard”a məxsus əmlak haqqında ADIF-dən ətraflı məlumat istəyirlər

Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-də yaradılmış Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

İclas bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub.

İclasda “Bank Standard”ın təxminən 30 kreditoru (bunlardan 12-si Kreditorlar Komitəsinin üzvüdür), eləcə də ADIF-in icraçı direktoru Azad Cavadov da daxil olmaqla fondun əməkdaşları iştirak edirlər. Tədbiri komitənin sədri Əkrəm Həsənov aparır.

Sədr ilk növbədə bildirib ki, “Bank Standard”a məxsus əmlakın vəziyyətinə dair kreditorlara ətraflı məlumat verilməsi barədə ADIF-ə müraciət olunub, lakin Fond həmin məlumatları ümumiləşdirilmiş formada təqdim edib. Üstəlik, bankın əmlakına dair “KPMG” audit şirkətinin hazırladığı qiymətləndirmə ADIF tərəfindən kreditorlara təqdim olunmayıb.

Bundan başqa, onun sözlərinə görə, “Bank Standard”ın təxminən 33 daşınmaz əmlakı var ki, bunun da 20-si Azərbaycan Mərkəzi Bankında girovluqdadır: “Bu əmlaklar qurumdan cəlb edilmiş 154 mln. manatdan artıq vəsaitin müqabilində girov qoyulub. Bankın yəqin ki, başqa əmlakları (kompüter və s.) da var. Amma həmin inventarlar barədə məlumatlar da ortada yoxdur”.

Bankın kredit portfelinin 95%-i ciddi gecikməsi olan kreditlərdir

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfeli bu il mayın 1-nə 741 mln. manat təşkil edib.

Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin keçirilən iclasda qurumun sədri Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bu kreditlərin cəmi 5%-i işlək, 95%-i isə ciddi gecikməsi olan kreditlərdir: “Qeyri-işlək kreditlərin 58%-i tam təminatsızdır. Qalan kreditlər isə təminatlı olsa da, “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə onların təminatı zəifdir. Fond ötən ilin oktyabr ayından indiyə qədər verilmiş kreditlərə görə 40,4 mln. manat vəsait toplayıb”.

Ə.Həsənov onu da qeyd edib ki, indiyə qədər “Bank Standard”ın 45 235 kreditorunun tələbləri qeydə alınıb: “Bunun 43 272-si fiziki şəxslərdir, onların bankdan alacaqları 156 mln. manatdır. Həmçinin 1963 kreditorun tələbi qeydə alınıb ki, onlara da “Bank Standard”dan 1,043 mln. manat verilməlidir. Bir məsələ də var ki, kreditorların reyestrini hələ də məhkəmə təsdiq etməyib. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməliyik, çünki fond vaxtında məhkəməyə müraciət edib, amma hansısa hakim bu işi ləngidir. O hakim barədə də tədbir görülməlidir”.

Komitə sədri həmçinin təklif edib ki, “Bank Standard”ın kredit portfelini tərkibi barədə də kreditorlara məlumat verilsin: “Kreditorlar bilməlidir ki, bu batmış kreditlər kimlərə və necə verilib, kimlər buna görə məsuliyyət daşıyır”.

Reportun məlumatına görə iclas davam edir.

Son xəbərlər
Digər xəbərlər