20 C
Baku
Friday, May 24, 2024

“Bank Standard”ın işdən azad olunmuş əməkdaşlarına müraciət edildi

04.10.216-ci il tarixində QSC “Bank Standard” KB-nin müflis elan edilməsi və ləğvedicinin təyin edilməsi barəsində 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul edilib. Həmin qərarla Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilib. Bu barədə Banker.az-a Fondan məlumat daxil olub.

Məlumatda deyilir:

Ləğvedici fəaliyyətə başladıqdan sonra bankın işçilərini işdən azad etməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlər bildirilməkdədir. Məsələyə aydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinə tədim etmək istərdik.

Bankların ləğvi və iflas proseduru “Banklar haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun şəkildə həyata keçirilir. Qanunun tələblərinə uyğun olaraq, ləğvedicinin əsas funksiyalarından biri bankın aktivlərini qorumaq və kreditorların maraqlarının təmin edilməsi üçün xərcləri optimallaşdırmaqdan ibarətdir. Bank lisenziyası ləğv edildiyi üçün banka  qeyd olunan sahədə fəaliyyət göstərmək qanunla qadağan edilir. Bu baxımdan, bankın bir sıra işçilərinin əməyi bankın ləğvi prosesində öz əhəmiyyətini itirmiş və ləğvedici bankın xərclərini azaltmaq məqsədi ilə həmin işçilərlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “a” bəndi ilə – müəssisənin ləğvi əsası ilə xitam vermişdir. Qeyd etmək lazımdır ki, “Banklar haqqında” Qanun ləğvediciyə bu cür hüquq vermişdir. Belə ki, həmin Qanunun 79.2-ci maddəsinə əsasən ləğvedici istənilən vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.

Bəs işçilər işdən müəssisənin ləğvi əsası ilə azad edilərkən ləğvedici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuşdurmu?

Azərbaycan  Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:

orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;

işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Həmin Məcəllənin 77-ci maddəsinin 5-ci hissəsinə əsasən isə bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir.

Əmək Məcəlləsinin müvafiq normalarından göründüyü kimi müəssisənin ləğvi əsası ilə əmək müqaviləsinə xitam verilən anda işçiyə yalnız ən azı orta əmək haqqı məbləğində müavinət ödənilməlidir. 2-ci və 3-cü aylar üçün ödəniləcək orta əmək haqqı məbləği isə işçi yalnız işsizlik üçün qeydiyyata alındıqda və məşğulluq orqanlarından arayış təqdim etdikdə ödənilməldir. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu işdən azad olunan işçilərin təminatlarını qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirməkdədir.

Əlavə olaraq, bildirmək istərdik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsində müəssisənin ləğvi əsası ilə işdən azad olunan işçilərə ödənilən təminatlar üzrə gəlir vergisindən azad olma nəzərə tutulmamışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər