Rusiya kapitallı “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bu, Yasin Cəlilov Cəlil oğludur. O, həmçinin Biznesin korporativ departamentinin direktoru idi.
Qeyd edək ki, Y.Cəlilov 2018-ci ildən “Bank VTB Azərbaycan”a qeyd edilən departamentin rəhbəri kimi gəlmişdi.
Y.Cəlilov “Xəzər” Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib.
Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb.
Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.