Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilmədiyini deyib.
Çin vətəndaşları onlardan qanunsuz olaraq ifadə alındığını və səfirliyin nümayəndəsinin məhkəməyə gəlməsini istəyib.
Daha sonra şahid qismində Elvin Binyətov ifadə verib. O, “Rabitə Bank”ın Yasamal filialının əməkdaşı olduğunu deyib: “Hadisə zamanı həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşıb ABŞ dolları verdi. Digər şəxslər isə ondan əvvəl banka daxil olub sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib aidiyyəti quruma məlumat verdik”.
“Rabitə Bank”ın Yasamal filialının xəzinadarı Elçin İbrahimov da dindirilib. O söyləyib ki, M.Rəsulov banka gəlib əməliyyat şöbəsində kartına 20 min dollar köçürmək istədiyini bildirib: “O, sonra kassaya yaxınlaşdı. Pulları yoxlayanda saxta olduğunu bildim. Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi dollar 18 900 məbləğində idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı”.
Polis əməkdaşı Rüstəm Əliyev ifadəsində qeyd edib ki, hadisə yerinə gəlib. O deyib ki, şöbəyə həmin şəxslərin banka saxta dollar verdikləri barədə məlumat daxil olub: “Biz də banka gəlib həmin şəxsləri saxladıq, sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verdik”.
Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın Yasamal filialında külli miqdarda – 18 900 saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.
Onlar maddi subut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.
Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.