11 C
Baku
Tuesday, November 5, 2024

İlk işini bankda təcrübəçi kimi başlayan, hazırda dünya iqtisadiyyatının əsas fiquru olan C.Sorosun uğurlarının sirri

Dünya iqtisadiyyatında eyni zamanda siyasəti səhnəsində birmənalı fiqur kimi qəbul olunmayan Corc Sororsun uğur hekayəsi

Amerikalı maliyyəçi, investor və filantrop – Corc Soros. Açıq cəmiyyət nəzəriyyəsinin tərəfdarı və “bazar fundamentalizmi”nin əleyhdarı. Onun fəaliyyəti müxtəlif ölkələrdə və cəmiyyətin müxtəlif dairələrində birmənalı qarşılanmır. Sərvətinin bir hissəsindən könüllü şəkildə imtina edən Corc Soros maliyyə dünyasının hüdudlarından kənarda bir çox sahədə iz qoya və hətta müəyyən dərəcədə tarixin gedişinə təsir edə bilib. İnvestor və spekulyant olan Corc Soros həmçinin filantrop, filosof və liberal baxışları ilə fərqlənən siyasətçi kimi də tanınıb.

Uşaqlıq və gənclik illəri

 

Corc Soros (Dyerd Şoroş) 1930-ci il avqustun 12-də Budapeştdə orta təbəqənin nümayəndəsi olan yəhudi ailəsində anadan olub. Corcun atası Tivadar Şoroş vəkil və naşir olub. Atası Corca sağ qalmaq sənətini öyrədirdisə də, anası Elizabet oğluna incəsənətə sevgi aşılayırdı. Corcun ən çox rəsm və boyakarlıq, bir az da musiqi xoşuna gəlirdi. Ailə macar dilində danışsa da, o, alman, ingilis və fransız dillərini öyrənirdi.

Məktəbdə Corc gah yaxşı, gah da pis oxuyurdu. Sinif yoldaşı Ferens Nagel Corcu belə xatırlayır: “İnandığı şeyi müdafiə edirdi. Onun sərt və amiranə xarakteri var idi”.

1939-cu ilin sentyabrında II Dünya Müharibəsi başlayanda Corcun 9 yaşı var idi. Macarıstan alman müdaxiləsi təhlükəsi ilə üz-üzə qalmışdı. Növbənin Şərqi Avropanın ən böyük, milyonluq macar-yəhudi icmasına da çatacağı ilə bağlı narahatlıqlar artırdı. Gizlənmək yaşam tərzinə çevrilmişdi.

Sorosun bioqrafına etiraf etdiyi kimi, özünün və ailəsinin ölümcül təhlükədə olduğu 1944-cü il onun həyatının ən yaxşı ili olub. 1944-cü ildə Corc Soros atasının düzəltdiyi saxta sənədlərin ailə üzvlərinin və bir çox başqa insanların həyatını xilas etdiyini görürdü, halbuki yüz minlərlə yəhudi həmin dövrdə Hitler rejiminin qurbanına çevrilirdi. “Bəxtim onda gətirdi ki, atam başqalarının etdiyi kimi etmədi, – Corc Soros deyir. – Adi qaydada davransaydı, çox güman, öləcəkdik. Yəhudilərin əksəriyyəti onda gizlənmək və ya ölkəni tərk etmək üçün heç bir şey etmirdi. Mənim ailəmin isə bəxti gətirdi. Atam riskə getməkdən qorxmadı. Məhz müharibə dövrü aldığım dərs ondan ibarət oldu ki, bəzən risk etməsən, hər şeyini, hətta həyatını belə itirə bilərsən”.

İngiltərəyə mühacirət

1947-ci ilin payızı 17 yaşında o, ölkəni tərk edir. İngiltərədə Corc Soros London əsilzadələri və kino ulduzlarının dəbdəbəli şəraitdə şam etdiyi və bütün gecəni rəqs etdiyi restoranda ofisiant kimi işə düzəlir. Bəzən, gələcək milyarder cibində siçanlar oynayanda müştərilərin qabağından qalanları da yeyirdi.

Corcun məşğuliyyətləri tez-tez dəyişirdi. 1948-ci ilin yayında o, “Əlini torpağa basdır” proqramı çərçivəsində fermada işləyir. Saffolkda alma toplayır. Rəngsaz kimi də çalışır və sonra dəfələrlə dostlarının yanında necə yaxşı bir rəngsaz olduğunu söyləyərək lovğalanır. Təsadüfi məvaciblər, yoxsulluq və tənhalıq sevinc bəxş etmir və sonrakı illər ərzində Soros əzici xatirələrdən qurtula bilmir.

Freyd və Eynşteyn kimi Corc Soros 1949-cu ildə London İqtisadiyyat məktəbinə qəbul olur. O, Harold Laskinin bəzi mühazirələrində iştirak edir və 1977-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış Con Middən bir il ərzində dərs alır.

Soros təhsilini iki ilə başa vurur. “Açıq cəmiyyət və onun düşmənləri” kitabını mütaliə etdikdənn sonra əsərin müəllifi filosof Karl Popperi axtarıb tapır və daha çox şey öyrənmək istəyir. Corc Sorosa fəlsəfə məhz bu məqsəd üçün lazım idi. Daha sonra o, təcrübədən nəzəriyyəyə keçəcəkdi: insanların niyə başqa cür deyil, məhz bu cür düşünməsi ilə bağlı nəzəriyyə işləyib hazırlayacaq və bunun əsasında pul bazarının fəaliyyəti barədə yeni nəzəriyyələr irəli sürəcəkdi.

… 22 yaşında iqtisadiyyatçı diplomu Sorosa çox az şey verir. O, çanta satışından başlamaqla hər işdən yapışmalı olur. Təhsilini başa vurduqda intuisiyası Sorosa böyük pulların investisiya biznesində olduğunu deyir. Londonun investisiya banklarından birində işə düzəlməyə çalışan Corc bəxtəbəxt paytaxt banklarının hamısına məktub göndərir. “Singer & Friedlander” bankı ona təcrübəçi işini təklif edəndə Soros böyük məmnuniyyətlə razılaşır. Həvəslə işə girişən Corc qızılçıxaran şirkətlərin səhmlərinin alış-verişini həyata keçirməyə başlayır, müxtəlif bazarlarda məzənnə dəyərinin fərqindən gəlir əldə etməyə çalışır. Bu işdə böyük uğur qazanmasa da, Corc bu sahədə özünü suda balıq kimi hiss edir və pul bazarlarında işin dadını görür. 1956-cı ildə gənc investisiya bankiri qərara gəlir ki, Nyu Yorka getməyin vaxtıdır.

Nyu Yorka həyatı

ABŞ-a gəldikdən sonra qısa müddət sonra Londonda yaşayan həmkarlarından biri Corcu işə düzəldir və o, valyuta arbitrajı ilə məşğul olmağa başlayır. O, bu sahədə ilk cığır açanlardan olur. 1963-cü ildə Soros Amerikanın xaricdə investisiya sahəsində aparıcı şirkətlərindən biri olan “Arnhold & S.Bleichroeder” –də işləməyə başlayır. Avropada geniş əlaqələri və beş dildə sərbəst danışması bu sahədə uğur qazanmağına kömək olur.

Birinci, ikinci… fondun yaradılması

Kennedi tərəfindən xarici investisiyalara əlavə rüsumun tətbiq edilməsinə qədər bu fəaliyyət sahəsi yaxşı gəlir gətirirdi. Bundan sonra Sorosun biznesi bir gecənin içində məhv oldu və o, yenidən fəlsəfəyə üz tutdu. 1963-1966-cı illərdə dissertasiyasını (“Şüurun ağır yükü”) yenidən yazmağa çalışan Corc Soros çox tələbkar olduğundan yazdıqlarından məmnun qalmır. Belə ki, o, sadəcə dahi müəlliminin fikirlərini təkrarladığını fikirləşirdi.

 “Arnhold & S.Bleichroeder” şirkətində vitse-prezident vəzifəsinə kimi yüksələn Corc Soros qərara gəlir ki, filosof və top-menecerdensə, investor kimi daha istedadlıdır. 1967-ci ildə o, şirkət rəhbərliyini bir neçə ofşor fond açıb, həmin fondların idarəçiliyinin ona tapşırılmasına inandıra bilir.

 “Firs Eagle” adlı ilk fond 1967-ci ildə təsis edilir. İkinci isə 1969-cu ildə. Corc işə özünün iki yüz əlli min dolları ilə başlayır. Tezliklə bir neçə tanış zəngin avropalıdan daha altı milyon dollar daxil olur. Qısa müddət ərzində Soros işə varlı ərəb, avropalı və latın amerikalılar arasından beynəlxalq müştərilər cəlb edir. Soros fondları Nyu Yorkdan idarə etsə də, əksər ofşor fond kimi “Double Eagle” da Kyürasao adasında (Niderland, Antil adaları) qeydiyyatdan keçirir ki, burada da fond vergilərdən azad olunur.

70-ci illər “Wall Street”-də olanlar üçün acınacaqlı halda bitsə də, ancaq Corc Soros istisna idi. 1969-cu ilin yanvarından 1974-cü ilin dekabrınadək fondun səhmləri demək olar üç dəfə artır: 6,1 milyon dollardan 18 milyon dollara. 1976-cı ildə Sorosun fondu 61,9% artım nümayiş etdirir. 1977-ci ildə “Dow Jones” indeksi 13% düşür, fond isə daha 31,2% artır.

1979-cu ildə Soros fondun adını dəyişir. İndi fond kvant mexanikasında Heyzenberq tərəfindən kəşf edilən qeyr-müəyyənlik prinsipinin şərəfinə “Quantum” adlanırdı. Soros həqiqətən valyuta bazarında uğur qazanırdı. O, ingilis funtunu məzənnənin düşmə ərəfəsində satır, aktiv şəkildə qızıl haşiyəli kağız adlanan İngiltərənin dövlət istiqrazlarının alış-verişini həyata keçirirdi. Bu sənədləri hissə-hissə almaq mümkün olduğu üçün ona tələb də çox idi. Şayiələrə  görə, bu istiqrazları milyard dollara alan Soros dərhal təxminən 100 milyon dollar qazanırdı.

Hedc-fondun (“Quantum”) yaranmasından 10 il sonra 1980-cı ildə Soros səhmlərin dəyərinin son dərəcə – 102,6% artımına nail olur. O vaxta qədər səhmlərin qiyməti 381 milyon dollara kimi qalxmışdı. 1980-cı ilin sonunda Sorosun şəxsi sərvəti isə 100 milyon dollar həcmində qiymətləndirilir.

1981-ci ilin iyun ayında Soros “Institutional Investor” jurnalının üzqabığında oxucular qarşısına çıxır. Gülümsəyən simasının yanında belə bir ifadə gözə çarpır: “Dünyanın ən böyük investisiya meneceri”. Altbaşlıqda isə belə deyilirdi: “Bir dəfə də olsun ziyan görməyən Corc Sorosun uğurları hörmətəlayiqdir”.

Məqalədə Sorosun öz sərvətini necə qazandığı izah edilirdi. 1974-cü ildə cəmi 15 milyon dollarlıq səhmi olan fond 1980-cı ilin sonunda 381 milyon dollara kimi yüksəlmişdi. “Hendrik Pierson” (Amsterdam) və ya “Rothschild” bankı (Paris) kimi müştərilərin pullarını idarə etdiyi 12 il ərzində Soros heç bir ili maliyyə ziyanı ilə başa vurmayıb. Soros rüsumları təqribən 100 milyon dollar həcmində qiymətləndirilən şəxsi sərvətində kapital predmetinə çevirib”.

Əsil cəfəngiyyat

1986-cı ilin yanvarında Soros bütün investisiya portfelini silkələyir. Amerika şirkətlərinin səhmlərinin məzənnəsinin artmasına oynayan Corc Soros başqa ölkələrin səhm və fyuçerslərinin alış-verişi ilə məşğul olur və əməliyyatların ümumi həcmini 2 milyard dollara kimi çatdıra bilir. Səhmlərin 40%-i və xarici səhmlərin üçdə ikisi fin birjası, Yaponiya dəmir yolları və daşınmaz əmlakı, həmçinin Honkonq daşınmaz əmlakı ilə əlaqəli idi.

1985-ci il sentyabrın 22-də Corc Soros milyonlarla yapon iyeni alır. Ertəsi gün dolların yenə qarşı məzənnəsinin 4,3% düşdüyü məlum olur. Soros bir gecənin içində 40 milyon dollar qazanır. Daha sonra o, bunu “əsil cəfəngiyyat” adlandırmışdı. 1992-ci il sentyabrın 16-ı “qara çərşənbə günü” Soros 10 milyard dollarlıq funt sterlinqə çox qısa bir meydan açaraq bir gün ərzində 1,1 milyard dollardan çox gəlir əldə edir. Sorosun əməliyyatları nəticəsində İngiltərə bankı böyük həcmli valyuta intervensiyası etməli olur və funt sterlinqi Avropa ölkələri valyutalarının məzənnəsinin tənzimləmə mexanizmdən çıxarır, bu da, funtun əsas valyutalara qarşı məzənnəsinin düşməsinə gətirib çıxarır. Məhz bu andan etibarən Sorosun adı mətbuatda “İngiltərə Bankını yıxan adam” kimi qeyd olunmağa başlayır. 1993-cü ildə Soros təkbaşına 193 min əməkdaşı olan “McDonalds” korporasiyanın qazandığı qədər qazanır. Onun bütün investisiya fondları uğur əldə edir: “Quantum Emerging Growth” səhmlərin xalis dəyərini 109%, “Quantum” və “Quota” isə hər biri 72% artırır.

Corc Sorosun uğurlarının sirri

Corc Sorosun fəaliyyət tərzi onun bənzərsiz şəxsi keyfiyyətlərinin ahəngindən irəli gəlir.

Birincisi, onun anadangəlmə böyük ağlı. Soros dünya iqtisadiyyatındakı səbəb-nəticə əlaqəsini hamıdan yaxşı başa düşür. A baş veribsə, B, sonra isə C baş verməlidir.

İkincisi, o, çox cəsarətlidir. “Yaşam sirlərinin əhəmiyyəti uğurlu investisiyaların açarıdır” deyən Soros özü öz cəsarətini inkar edir. Bu sirlərə bələd olmaq isə bəzən oyunda dərəcələrin azalması, ziyanın qarşısının alınması deməkdir.

Üçüncüsü, Sorosun fəaliyyəti sadəcə güclü sinir sistemi tələb edir. “O, yüz milyon dollarlıq müqavilələrlə bağlı qərar qəbul edəndə ofisində idim, – Yerusəlim İqtisadi İnkişaf mərkəzinin direktoru Daniel Doron deyir. – Mən qorxudan gecələri yata bilməzdim! O, isə belə pullarla oynayır! Bunun üçün möhkəm sinir sistemi lazımdır. Bəlkə o, sadəcə olaraq sinir sistemini möhkəmlədib…”

Dördüncüsü, soyuqqanlılıq. 80-ci illər Sorosla işləyən Allan Rafael hesab edir ki, bu cür insanlar barmaqla sayılacaq qədərdir. Corc səhv edəndə əsib coşmur. Başqalarının deyil, özünün haqlı olduğunu demir. Dərhal səhvini etiraf edib oyundan çıxır. Çünki bu cür davam edəcəyi təqdirdə, onu iflas təhlükəsi gözləyir. Bunu qulağında sırğa edib saxlamaq lazımdır. Bu, sizi bütünlüklə ələ alır. Bu biznes elə asan olsaydı, laborantlar da onunla məşğul olardı. Bu biznes şəxsi intizam, əminlik və ən əsası soyuqqanlılıq tələb edir”.

Beşincisi, Corc Sorosun qeyri-adi intuisiyası var. Nə vaxt külli miqdarda alver edib, nə vaxt oyundan çıxmaq lazım gəldiyini göstərən nüanslar bəlli deyil.

Corc Soros: “Adətən sadəcə bir hipotez irəli sürürəm və onu bazarda sınaqdan keçirirəm. Əgər səhv eləmişəmsə və bazar fərqli reaksiya veribsə, buna görə narahat oluram. Radikulitim başlayır, səhvlərimi düzəldən kimi ağrı keçir. Özümü yaxşı hiss edirəm. İntuisiya, bax, belə yaranır”. Sorosun intuisiyası səhm bazarında dəyişiklikləri öncədən görmə qabiliyyətində özünü göstərir. Bunu nə məktəbdə, nə də London İqtisadiyyat Məktəbində və ya Harvard Biznes Məktəbində öyrənmək olur. Çox az insan belə bir istedada malikdir. Soros da onlardan biridir.

Corc Sorosun xeyriyyəçilik fəaliyyəti

“Var-dövlət mənə imkan verdi ki, vacib hesab etdiyim şeyi – dünya nizamı ilə bağlı arzumu həyata keçirim… Gec-tez xalqlar və onların seçdiyi hökumətlər nəinki Rusiya, bütün dünyada Açıq Cəmiyyətin yaradılması ilə bağlı məsuliyyəti öz üzərlərinə götürməlidir. Bu vaxt yetişəndə, mənim motivlərim də aydın olacaq və heç kim niyə yardım etdiyimi soruşmayacaq” (Corc Soros)

1979-cu ildə Soros ABŞ-da “Açıq cəmiyyət” (Open Society Fund) adlı ilk xeyriyyə fondunu  yaradır. Hazırda o, qeyri-maliyyə layihələrinə illik orta hesabla 300 milyon dollar xərcləyir. 30-dan çox ölkədə onun yaratdığı xeyriyyə fondları fəaliyyət göstərir.

 

Hal-hazırda Corc Soros Nyu Yorkun mərkəzindəki göydələnlərin birində yerləşən penthausda yaşayır. Təxminən 50 il əvvəl böyük iddialarla Manhettenə gələn investorun cibində cəmi bir neçə dollar var idi. İndi o, evinin yaxınlığına yerləşən BMT-nin baş ofisinin qarşısında bayraqları dalğalanan bir çox ölkədən daha zəngin və nüfuzludur. Bütün bunlara baxmayaraq, Amerika arzusunun canlı təcəssümü, dünyada il ərzində 20 milyard dollar qazana bilən ilk insan və “İngiltərə Bankını yıxan” adam kimi məşhurlaşan bu şəxs bir çox cəhətdən sirr olaraq qalır. Çoxsaylı kitab və nəşrlərdə maliyyə və iqtisadiyyatla bağlı işıq üzü görən fəlsəfi kəşfləri və fikirləri növbəti dəfə Corc Sorosun birmənalı fiqur olmadığını təsdiq edir. Jurnalistlər və bioqraflar hələ də razılığa gəlməyiblər ki, onun uğur sirri nədədir və fəaliyyətinin əsasında hansı motivlər dayanır.

 

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər