Azərbaycanın aparıcı banklarından biri olan Azər Türk Bankda informasiya texnologiyalarının inkişafı üzrə mütəmadi təkmilləşdirici layihələr həyata keçirilir. Yaxın günlərdə Bankda “Microsoft” korporasiyası tərəfindən təqdim olunan “Windows 10” əməliyyat sisteminin və “Microsoft Office 2016”-nın tətbiqinə başlanılır. Artıq bu məhsullar üzrə lisenziyaların satın alınması ilə bağlı proseslər başa çatıb. Qısa müddət ərzində Bankın bütün kompüterləri “Windows 10” əməliyyat sistemi və “Microsoft Office 2016” ilə təchiz olunacaq. Müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanı verən bu yenilik biznes proseslərinin optimallaşdırılmasına, işin səmərəliliyinin, müştəri məmnuniyyətinin daha da yüksəlməsinə xidmət edəcək. Əməliyyat sisteminin tətbiqi “Microsoft”un ən yeni məhsullarından istifadə imkanı yaradacaq, operativliyi təmin edəcək, xidmətin keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına töhfə verəcək. Həmçinin “Windows 10” əməliyyat sistemi müasir dövr üçün ən aktual məsələlərdən olan informasiya təhlükəsizliyinin təmin edilməsi, bankın İT infrastrukturunun standartlaşdırılması ilə bağlı üstünlükləri də özündə əks etdirir.
Qeyd edək ki, bir müddət öncə Azər Türk Bank dünyanın qabaqcıl maliyyə institutlarının istifadə etdiyi “Oracle FLEXCUBE” bank platformasının son, 12-ci versiyasının tətbiqinə başlayıb və uğurla davam etdirir.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.