9 C
Baku
Wednesday, December 25, 2024

“Bankın gələcək inkişafı üçün ciddi baza və potensial görürəm” – Zaur Yusifov

®Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü Zaur Yusifovun müsahibəsini təqdim edirik. Zaur müəllim öz müsahibəsində bir sıra aktual məsələlərə toxunaraq Bank BTB-nin gələcək inkişaf planları barədə danışdı.

Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomları ilə bitirən Zaur Yusifov Niderland Krallığının “Maastricht School of Management” və ADA Universitetinin Executive MBA və magistr dərəcələrini qazanmışdır. Əmək fəaliyyətinə 2004-ci ildə Azərbaycan Respublikasının Milli Bankında başlamış, 2011-ci ildən etibarən rəhbər vəzifələrdə çalışmışdır. Bank sektorunda təcrübəsi 2018-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankında çalışması ilə davam etmişdir. Bank BTB-də rəhbər vəzifəyə təyin edilməmişdən əvvəl Litva Respublikasında “Penki Kontinentai Group” şirkətində icraçı direktor vəzifəsində çalışmışdır. Cari ilin mart ayından etibarən Bank BTB-nin İdarə Heyətinin sədrinin müavini, İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərir.

Hörmətli Zaur müəllim, 13 illik fəaliyyət dövründə Bank BTB önəmli uğurlara imza atıb. Bu uğurların davamı kimi yeni inkişaf mərhələsi nədən ibarətdir?

Düzgün qeyd etdiniz ki, 2010-cu ildən etibarən Bank BTB bazarda müştəri ehtiyaclarına uyğunlaşan, etibarlı bank kimi çox müsbət bir imic formalaşdırmışdır. Bununla yanaşı qlobal və yerli maliyyə bazarlarında baş verən sürətli tranformasiyalar bankları bazarda çevik davranmağa, inkişaf layihələrinə daha çox diqqət yetirməyə sövq edir. Maliyyə sektorunda öz çevikliyi ilə seçilən Bank BTB bazar çağırışlarına hər zaman olduğu kimi dərhal reaksiya verərək yeni inkişaf mərhələsindəki siyasət və strategiyasını 2022-2024-cü illəri əhatə edən Strateji İnkişaf Planında müəyyən etmişdir. Yeni inkişaf mərhələsinin əsas fəlsəfəsini müştərilər və digər maraqlı tərəflər üçün etibarlı tərəfdaş olmaq, ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına töhfə vermək, fəaliyyətində qüvvədə olan qanunvericiliyə ciddi riayət etmək, investisiyalarını artırmaq və onların stabil gəlirliyini təmin etmək təşkil edir. Bütün bunları nəzərə alaraq Bankın gələcək inkişafı üçün ciddi baza və potensial görürəm.

Yeni inkişaf mərhələsinin Bankın yeni Strateji İnkişaf Planına əsaslandığını qeyd etdiniz. Bank BTB-nin inkişaf strategiyası nədən ibarətdir?

Bankın missiya və dəyərləri, həmçinin cari vəziyyət və çağırışları nəzərə alaraq strateji hədəflərimizi formalaşdıran əsas məqsəd investisiya cəlbediciliyinin artırılmasıdır. İnvestisiya cəlbediciliyi dedikdə, həm əmanətçilər, həm institusional investorlar üçün maraqlı imkanlar yaratmağı, bazarda seçilən biznes struktura çevrilmək bizim üçün önəmlidir. Bu məqsədlə müştəriləri keyfiyyətli maliyyə xidmətləri ilə təmin etmək, müştərilərin daha önəmli maliyyə vasitəçisinə çevrilmək, bankın fəaliyyət effektivliyini yüksəltmək və bu yolla bazar mövqeyinin möhkəmləndirilməsi, investorların maraqlarının qorunması çox önəmlidir. Hazırda bank sektorunda oyunçuların sayı əvvəlki illərə nisbətən azalsa da, rəqabətin artması müşahidə olunur. Bu, o deməkdir ki, biznesin daha səmərəli təşkili, müştəri tələblərinin ən yaxşı şəkildə təqdim edilməsi üçün hazırlıqlı olmaq böyük əhəmiyyət kəsb edir. Qeyd olunan məsələlərin reallaşdırılması üçün müştərilərin etibarlı maliyyə tərəfdaşına çevrilməyimiz, bankın müştəri xidməti proseslərinin və digər dəstəkverici əməliyyatlarının səmərəliliyinin artırılması, rentabelliyin yüksəldilməsi, effektivliyə mənfi təsir edən amillərin aradan qaldırılması zəruridir. Beləliklə, müştərilərin etibarlı maliyyə xidmətlərindən istifadəsinin asanlaşdırılması, müştəri portfelinin genişləndirilməsi, yüksək gəlirliliyin təmin olunması və toplanmış resurslar sayəsində xidmət sektorunun genişləndirilməsi yolu ilə yeni müştəri potensialının yaradılması əzmindəyik.

Bildiyimiz kimi müasir bank sektorunu daim yenilənən rəqəmsal həllərsiz təsəvvür etmək mümkün deyil. Bankların əksəriyyəti xidmətlərini rəqəmsallaşdırmağa çalışır. Bu istiqamətdə Bank BTB-nin planları nədir? İnformasiya texnologiyalarının inkişafı və rəqəmsallaşma üzrə həyata keçirilən layihələr nə vəd edir? 

Rəqəmsallaşma hazırkı maliyyə sektorunun trendi, tələbatı və çağırışıdır. Əlbəttə ki, innovasiyalara hər zaman açıq olan Bank BTB rəqəmsallaşma layihələrini uğurla icra etməkdədir. Bu istiqamətdə ötən il bir çox layihələr həyata keçirilmişdir. Bu layihələr təkcə Bankın Texnoloji bloku çərçivəsində məhdudlaşmır, həmçinin digər sahələri də əhatə edir.  Misal olaraq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə mübarizə işi effektivliyinin artırılması məqsədi ilə yeni rəqəmsal həllərinin tətbiqini göstərmək olar. Həmçinin bu sahə üzrə bank risklərinin tənzimlənməsi işini daha da təkmilləşdirəcək yeni proqram təminatı üzrə inteqrasiya işləri yekunlaşmaqdadır.

İnformasiya təhlükəsizliyi sahəsində də təkmilləşmə işləri daim diqqət mərkəzindədir. Ötən dövr ərzində bu sahə üzrə ən son texnoloji həllərin – müxtəlif növ avadanlıq və sistemlərin quraşdırılması, yenilənməsi işləri həyata keçirilmişdir. Həmçinin ölkədə dinamik inkişaf edən özünüxidmət şəbəkələrinin hamısında – ödəniş terminallarında öz xidmətlərimizi təqdim edir, bazara yeni daxil olan vendorlarla inteqrasiya işlərini davam etdiririk. Visa beynəlxalq ödəniş sistemi ilə yeni kart məhsul və xidmətlərinin tətbiqi ilə bağlı çox layihələr həyata keçirilmişdir. Bu layihələr nağdsız ödənişlərin təşviqatına, müştərilərə təqdim edilən kart çeşidlərinin artırılmasına xidmət edir. Həmçinin Bank BTB yeni maliyyə texnologiyalarını izləyir, onların inteqrasiya və tətbiqinə diqqət ayırır. Bu istiqamətdə yerli maliyyə texnoloji məhsulu olan SİMA – rəqəmsal imza platforması ilə inteqrasiya edən ilk banklardan olduğumuzu qürurla deyə bilərəm. Bütün bu layihələr bankın məhsul və xidmət əlçatımlılığın təmin edilməsinə, bankın informasiya təhlükəsizliyinin artırılmasına, risklərin idarə edilməsinin təkmilləşməsinə xidmət edir. Əminliklə deyə bilərəm ki, artıq bu gün Bankda kifayət qədər əhatəli İT infrastruktur formalaşdırılmışdır və bu həm maddi-texniki baza, həm də müxtəlif proqram həllərini əhatə edir. Hazırda bankda mobil bankçılıq, internet bankçılıq, bir sıra onlayn xidmətlər göstərilir, maliyyə, risklərin idarə edilməsi, müştəri xidmətlərinin avtomatlaşdırılması və s. sahələri əhatə edən geniş proqram kompleksi yaradılmışdır.

Bank BTB kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə ehtiyat yaradaraq keçən ili zərərlə başa vurmuşdu. Bu ilin 1-ci rübü üzrə göstəriciləri necə dəyərləndirərsiz? 

İlk növbədə deyim ki, Bank BTB bu ilin 1-ci rübünü 888 min manat xalis mənfəətlə başa vurmuşdur. Ötən ilin eyni dövrü nəticələrinə baxsaq bu 127% artım deməkdir. Aktivlərin cəminə nəzər yetirsək bu göstəricidə də 5.5% artım var, hal hazırkı aktivlərimiz 376 milyon manat təşkil edir. Faiz və qeyri-faiz gəlirlərində də ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb və nəticədə əməliyyat mənfəətimiz 130% artıb. Bankın müddətli depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır. Bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 55 milyon manat təşkil edir. 

Həmçinin ötən dövr ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi əsasında problemli kreditlərin həcmi kəskin endirilməklə, kredit portfelinin sağlamlaşdırılması sahəsində ciddi işlər aparılmış, kredit riskləri üzrə zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın bərpası üçün sağlamlaşdırılma tədbirləri həyata keçirilmişdir. Bütün bu göstəricələri ümumiləşdirsək, bu ilin 1-ci rübünün nəticələrini müsbət qiymətləndirirəm və Bank BTB olaraq qarşıdakı dövrlərdə də bu trendi davam etdirməyə və daha yüksək nəticələr əldə etməyə iddialıyıq.

Kreditləşmə sahəsində uğurlarınız nədən ibarətdir?

Ənənəvi olaraq Bankımız ən müxtəlif sahələrdə uğurla kreditləşmə həyata keçirməkdədir. Bura həm istehlak kreditləşməsi, həm biznes kreditləşməsi aiddir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən ipoteka kreditləri sahəsində bazarda ən qabaqcıl banklardan biri olmağa davam edirik və bu işi daha da genişləndirmək, inkişaf etdirmək niyyətindəyik. Əhalinin müxtəlif maliyyələşmə ehtiyaclarını qarşılamaq üçün bir sıra istehlak krediti məhsullarımız vardır ki, bunları həm kart üzərindən qeyri-nağd formada, həm də nağd kredit formasında əldə etmək imkanı var. İqtisadiyyatda getdikcə daha böyük rol oynamağa başlayan orta və kiçik sahibkarlar üçün kreditləşmənin həm əlçatan olmasını, həm də maksimum şəkildə rahatlıqla və tez əldə etməsi üçün daima təkmilləşirik. Hal-hazırda bazarda mikrokreditlərə böyük maraq vardır və bu da təbiidir, çünki daha çox insan bizneslə məşğul olmağa başlayır, ailə təsərrüfatları biznes konyukturaya qoşulur. Biz də bu trendlərə uyğun olaraq hər bir sahibkar qrupu üçün kreditləşmə və xidmət imkanlarını daha da təkmilləşdirməyə davam edirik. Bu əsasla biznes kredit portfelimiz keçən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 70 milyon manat təşkil edir. Həmçinin bu ilin 1-ci rübü ərzində istehlak kreditləri sahəsi üzrə 1100 müştəriyə 6 milyon manat kredit rəsmiləşdirilmişdir, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 31% artım deməkdir. Hazırda Bankın kredit portfeli 264 milyon manat təşkil edir. 

Məlumdur ki, maliyyə bazarında Bank BTB ipoteka kreditləşməsi üzrə qabaqcıl banklardan biridir. Sürətli ipoteka rəsmiləşdirilməsi, yüksək müştəri məmnuniyyəti – bunları şərtləndirən amillər nədir?

Təsadüfi deyildir ki, ipoteka krediti deyiləndə ilk müraciət edilən banklardan biri də Bank BTB-dir. İpoteka kreditləşməsinin həyata keçirilməsində uğurlu olmağımız komandamızın bu sahədə çevikliyi və profesionallığıdır. Həmçinin ipoteka kreditləri üçün müvafiq alətlərin mövcudluğu, kreditin əldə edilməsi üçün proseslərin tez və rahat şəkildə icrası yüksək müştəri xidməti və məmnuniyyətini yaradır. Bunun nəticəsidir ki, Bank BTB ipoteka kreditləri üzrə indiyədək 5000-ə yaxın müştəriyə xidmət göstərmişdir. Bununla yanaşı Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlıq dövrü ərzində 1500-ə yaxın müştəriyə 50 milyon manatdan çox kredit rəsmiləşdirildiyini qeyd etmək istərdim. Bundan sonrakı dövrlərdə də bu inkişaf tendensiyasını artırmaqda israrlıyıq.

Cari ildə sizə və bütün Bank BTB komandasına uğurlar arzulayırıq. Son olaraq oxucularımıza nə demək istərdiniz?

Son olaraq bildirmək istərdim ki, yeniliklərə və innovasiyalara hər zaman açıq olan Bank BTB yeni inkişaf mərhələsində yeni inkişaf yolu ilə maliyyə sektorunda dayanıqlığını möhkəmləndirməyə qərarlıdır. “Arzulara yaxın ol!” sloqanı ilə müştərilərə arzuladıqları keyfiyyətli, fərdi maliyyə xidmətləri göstərməyi məqsəd qoyan Bank BTB xidmət nöqtələrində çevik, gülərüz, mehriban kollektivi ilə daim müştərilərin xidmətindədir.

2 ci scaled 3 cu scaled

 

Son xəbərlər
Digər xəbərlər