BANKER.AZ — ABB ( ticker: ABBNK) növbəti ilin ilk yarımilində dividend qərarı verəcək. Bunun sayəsində səhm bazarında canlanma artacaq.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov VIII Beynəlxalq Bankçılıq Forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Bankın səhmlərinin təkrar bazarında qısa müddətdə 5 mindən çox əqd olub, əqdləşmələr müxtəlif investorlar arasında aparılıb.
“2025-ci ilin ilk yarımilində bu ilin nəticələri üzrə dividend qərarımızı elan edəcəyik. Cari il üzrə nəticələrimiz ötən illər səhmdarlarımıza ödədiyimiz dividend gəlirliliyi qədər ödənişə imkan verir. Yekun qərarı, ilin maliyyə nəticələrinə kənar audit şirkətinin rəyindən sonra Bankın rəhbərliyinin təklifi ilə Səhmdarların Ümumi Yığıncağı verəcək” – Abbas İbrahimov bildirib.
Xatırladaq ki, ABB ölkənin ən iri aktivə sahib olan bankı olmaqla yanaşı, ən iri mənfəət əldə edən bankdır. 2024-cü ilin ilk üç rübündə Bank 235.08 milyon manat xalis mənfəət əldə edib.
Bank cari ilin yayında “Mərkəzdən hər kəsə” devizi ilə Azərbaycanda ilk kütləvi səhm buraxılışını həyata keçirib və 33 min yeni investor cəlb edib.
Abbas İbrahimov ilk günlər səhmlərin təkrar bazarında daha yüksək aktivliyin olmasını təkrar bazar imkanının yeni açılması ilə əlaqələndirib.
“Hazırda “ABB mobile” tətbiqi, eləcə də “ABB Invest İ.Ş.” və digər investisiya şirkətləri vasitəsilə səhmlərimizi alıb-satmaq mümkündür. Tezliklə təkrar bazar imkanları digər bankların və investisiya şirkətlərinin mobil tətbiqlərində də mümkün olacaq. Bu zaman bazara daha çox investor daxil olacaq və səhm ticarətində aktivlik daha da artacaq”- deyə, İdarə Heyətinin sədri bildirib.
Qeyd edək ki, Hazırda Bakı Fond Birjasında ABB səhmləri üçün iki investisiya şirkəti marketmeyker kimi iştirak edir. Bunlar “Unicapital İ.Ş.” və “İnvestAZ İ.Ş.” şirkətləridir. Bundan başqa, komissiyalar sıfıra endirilib ki, səhm alqı-satqısı investorlar üçün bir qədər də cəlbedici olsun. Hər iki şirkətin təklif etdiyi alış-satış spredi 1-2 qəpik arasında dəyişib.
“Bir çox investorlar səhm investisiyasına dividend gəliri əldə etmək imkanı kimi baxırlar”- deyən Abbas İbrahimov gələn ilin ilk aylarında, yəni dividend ödənişindən əvvəlki aylarda aktivliyin və səhm qiymətlərində yüksəlmənin olacağının gözlənildiyini bildirib.
“Ötən il hər səhmdarımız, nominal qiymətlə hesablasaq, bir səhmə, yəni 27 qəpiklik investisiyaya 4 qəpik dividend qazanmışdı. Əgər investorların gözləntiləri bu şəkildə olarsa, bu, o deməkdir ki, dividend ödənişinə daha yaxın aylarda investisiya edənlər qısa müddətdə dividend gəliri əldə edərək öz gəlirlərini yüksəldə bilərlər. Təbii, gözləniləndir ki, dividend ödənişinə daha yaxın aylarda səhm qiymətləri daha yüksək olacaq”.