İslam İnkişaf Bankı (İİB) “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır.
Bunu Trend-ə müsahibəsində İİB-nin vitse-prezidenti Sayed Ağa deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir: “Bir sıra texniki məsələlər tədqiq olunur. Bu məsələlər həll olunan kimi İİB bu layihədə Azərbaycanın ortağı olacaq”.
Vitse-prezident qeyd edib ki, tək enerji resurslarının ixracı deyil, həm də onlardan səmərəli istifadə böyük əhəmiyyətə malikdir.
Onun fikrincə, məhz bu istiqamətdə effektivliyin təmin olunması nəticəsində qənaət əldə oluna bilər.
Qeyd edək ki, İİB-in vitse-prezidenti S.Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 17-dən 20-dək Bakıda səfərdə olub. Səfər zamanı S.Ağa Nazirlər Kabinetində, İqtisadiyyat Nazirlilyində, Kənd Təsərrüfatı, “Azərsu”, “Azərbaycan dəmir Yollar” QSC-də bir sıra görüşlər keçirib. Səfər çərçivəsində islam bankçılığının prinsiplərinin Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.
“Cənub Qaz Dəhlizi” 10 milyard kubmetr Azərbaycan qazının Xəzər regionundan Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutur. İlkin mərhələdə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunan qaz “Cənub Qaz Dəhlizi” layihəsi üçün əsas mənbə kimi baxılır. Sonrakı mərhələdə digər mənbələr qoşula bilər. Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin tikintisi yolu ilə qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına ixrac ediləcək.