“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının sabiq xəzinədarı Cəfər Sadıqzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan işlə bağlı qüvvədə olan qərar dəyişdirilib.
Yüksək instansiya məhkəməsinin qərarı ilə Cəfər Sadıqzadənin cəzası 12 ildən 10 il 3 aya endirilib.
Rəsmi məlumata görə, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş ümumilikdə 595 min manat məbləğində özgə əmlakını, “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talayıb və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Cəfər Sadıqzadəyə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.