Banker.az “Məşhur maliyyə simaları” rubrikasında bu dəfə ölkənin maliyyəçiləri sırasında olan Mir Camal Hafiz oğlu Paşayev haqqında məlumatları sizinlə paylaşır.
Bu dəfəki rubrikamızda məhz bu şəxsdən söz salmağımıza səbəb əlbəttəki , keçən həftə onun Kapital Bankın Müşahidə şurasının sədri vəzifəsindən istefa verməsi ilə gündəmə gəlməsi olmuşdur.
Azərbaycanın ən böyük banklarından 2-sinə başçılıq etmiş şəxs haqqında söz açmağı özümüzə borc bildik.
Bəs o kimdir?
Mir Camal Hafiz oğlu Paşayev 1970-ci ildə anadan olub.
Təhsili
1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1993-cü ildə isə bu fakültəni bitirib.
M.Paşayev 1994-cü ildə Kaliforniya Universitetinin mühəndislik fakültəsinə qəbul olan Paşayev təhsilini bitirdikdən sonra 1996-cı ildə magistr dərəcəsinə yiyələnib.
1996-1998-ci illərdə Vaşinqton şəhərindəki Amerika Universitetinin biznes məktəbində təhsilini davam etdirən Mir Camal Paşayev daha bir magistr diplomu alıb.
Karyerası
Karyerasına ilk olaraq 1999-cu ildə Azərbaycan Mərkəzi Bankında baş ekspert vəzifəsində başlayıb. 2000-2005-ci illər ərzində Avropa Yenidənqurma və İnkişaf Bankında işləyib və maliyyə analitiki vəzifəsindən infrastruktur layihələr üzrə aparıcı bankir vəzifəsinə yüksəlib.
2005-ci ildən başlayaraq M.Paşayev maliyyə sahəsində, həmçinin infrastruktur və telekommunikasiya sahələrində iri investisiya layihələri üzrə müşavir kimi fəaliyyət göstərib. 2007-ci ilin may ayından “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.
2013-cü ilin iyun ayının 7-də Mir Camal Paşayev “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni sədri seçilib. Cari ilin may ayının sonu isə MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib.
Nəzərinizə çatdıraq ki, Mir Camal Paşayev Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin oğludur.
Hafiz Paşayev 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.
1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1993-2006-cı illərdə Azərbaycanı diplomat olaraq xaricdə təmsil etmiş Hafiz Paşayev ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib. 2014-cü il tarixli sərəncamla Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edilib.
Evlidir, iki övladı, dörd nəvəsi var.