10 C
Baku
Thursday, December 12, 2024

Bankir Mir Camal Paşayev  

Banker.az “Məşhur maliyyə simaları” rubrikasında bu dəfə ölkənin maliyyəçiləri sırasında olan Mir Camal Hafiz oğlu Paşayev haqqında məlumatları sizinlə paylaşır.

Bu dəfəki rubrikamızda məhz bu şəxsdən söz salmağımıza səbəb əlbəttəki , keçən həftə onun Kapital Bankın Müşahidə şurasının sədri vəzifəsindən istefa verməsi ilə gündəmə gəlməsi olmuşdur.

Azərbaycanın ən böyük banklarından 2-sinə başçılıq etmiş şəxs haqqında söz açmağı özümüzə borc bildik.

Bəs o kimdir?

Mir Camal Hafiz oğlu Paşayev 1970-ci ildə anadan olub.

Təhsili

1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1993-cü ildə isə bu fakültəni bitirib.

M.Paşayev 1994-cü ildə Kaliforniya Universitetinin mühəndislik fakültəsinə qəbul olan Paşayev təhsilini bitirdikdən sonra 1996-cı ildə magistr dərəcəsinə yiyələnib.

1996-1998-ci illərdə Vaşinqton şəhərindəki Amerika Universitetinin biznes məktəbində təhsilini davam etdirən Mir Camal Paşayev daha bir magistr diplomu alıb.

Karyerası

Karyerasına ilk olaraq 1999-cu ildə Azərbaycan Mərkəzi Bankında baş ekspert vəzifəsində başlayıb. 2000-2005-ci illər ərzində Avropa Yenidənqurma və İnkişaf Bankında işləyib və maliyyə analitiki vəzifəsindən infrastruktur layihələr üzrə aparıcı bankir vəzifəsinə yüksəlib.

2005-ci ildən başlayaraq M.Paşayev maliyyə sahəsində, həmçinin infrastruktur və telekommunikasiya sahələrində iri investisiya layihələri üzrə müşavir kimi fəaliyyət göstərib. 2007-ci ilin may ayından “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

2013-cü ilin iyun ayının 7-də Mir Camal Paşayev “Kapital Bank” ASC-nin Müşahidə Şurasının yeni sədri seçilib. Cari ilin may ayının sonu isə  MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib.

Nəzərinizə çatdıraq ki, Mir Camal Paşayev Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin oğludur.

Hafiz  Paşayev 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1993-2006-cı illərdə Azərbaycanı diplomat olaraq xaricdə təmsil etmiş Hafiz Paşayev ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.  2014-cü il tarixli sərəncamla Hafiz Paşayev “ADA” Universitetinin rektoru təyin edilib.

Evlidir, iki övladı, dörd nəvəsi var.

Son xəbərlər
Digər xəbərlər