6 C
Baku
Saturday, December 14, 2024

Bankirlərlə deputatların görüşü keçirilə bilər

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Əhalinin xeyli hissəsinin banklara borclu olması getdikcə daha ciddi problemə çevrilir. Borclu vətəndaş krediti ödəyə bilməyəndə maşınları, zinət əşyaları, evləri və digər daşınmaz əmlakları əllərindən çıxır. Bu səbəbdən də müxtəlif üsullarla özünü öldürməyə üstünlük verir.

Mərkəzi Bankın rəhbərliyi tez-tez banklarda faiz dərəcələrinin aşağı salınmasının zəruriliyindən danışsa da, reallıqdan uzaq statistika ilə yaranmış vəziyyətə haqq qazandırır və konkret iş görülmür. Necə deyərlər, faiz dərəcələri soyğunçu səviyyədə qalmaqda, zəli kimi vətəndaşın qanını sormaqda davam edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında bu məsələnin gündəmdə olduğunu deyib: “Bank faizlərinin yüksək olması, bank sistemində islahatların aparılması, ümumiyyətlə, yaranan kredit borclarının strukturuna baxılması, onun nədən ibarət olması, destruktrulizasiya planlarının həyata keçirilməsi, aşağı məbləğli istehlak kreditlərinin ləğv edilməsi gündəmdədir”.

O qeyd edib ki, Milli Məclisin növbəti iclaslarında bu məsələlərə yer ayrılacaq: “Çalışacağıq ki, yaranmış problemlər həllini tapsın. Çünki bu, çox ciddi məsələdir və Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. Beynəlxalq maliyyə qurumlarına 1,4 milyon manat kreditin yaranması ilə əlaqədar problemlərimiz ortaya çıxa bilər.

Ola bilər ki, banklar çıxılmaz vəziyyətdədir. Mənim aldığım məlumata görə, devalvasiyadan sonra kommersiya banklarında ciddi problemlər yaranıb. Bu səbəbdən bankların özünə də müəyyən güzəştlər edilə bilər. Məsələ kompleks həll edilməlidir. Milli Məclisdə bu məsələyə mütləq toxunacağıq. Mən xahiş edəcəyəm ki, banklarla bizim görüşlərimiz təşkil edilsin”.

Vahid Əhmədov prezident İlham Əliyevin “Mərkəzi Bank haqqında” qanuna edilən dəyişiklikləri imzalamasını da müsbət qiymətləndirib. Deputat son vaxtlar nizamnamə kapitalının artırılmasına ayrılan diqqəti qənaətbəxş hesab edib:

“Kapitalın yığılması onun dövriyyə, kredit vəsaitinin çıxarılması üçün şərait yaradır. Nizamnamə kapitalı nə qədər çox olarsa, bankların əhatə dairəsi də o qədər geniş olar. Mərkəzi Bank ayrı-ayarılıqda banklara kredit verən təşkilatdır. Ona görə də Mərkəzi Bankın nizamnamə kapitalının 500 milyon manata qaldırılması müsbət haldır”.

Dəyişikliklə Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər