Azərbaycanda bankların ümumi biznes kreditləri üzrə təminatlılıq səviyyəsi 43.2%-dən 45.3%-ə yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan son statistik göstəricilərdə qeyd edilir.
Beləliklə, bankların risk idarəetməsində daha ehtiyatlı (mühafizəkar) mövqe tutmağa başlayıblar.
Bu artım fonunda qismən təminatlı kreditlərin payı 31.9%-dən 28.1%-ə enmiş, təminatsız kreditlərin payı isə cüzi artaraq 26.6% təşkil etmişdir.
Sahibkarlıq subyektlərinin kateqoriyaları üzrə müqayisə apardıqda ən kəskin dəyişiklik orta sahibkarlıq seqmentində müşahidə olunur ki, burada tam təminatlı kreditlərin payı rüblük müqayisədə 48.3%-dən 51.2%-ə qədər artmışdır.
Bənzər tendensiya iri sahibkarlıq subyektlərində də qeydə alınmış və bu qrupda tam təminatlılıq səviyyəsi 51.3%-ə çatıb.
Kiçik sahibkarlıq subyektlərində tam təminatlı portfelin payı 46.9% səviyyəsində dəyişməz qalsa da, bu kateqoriyada təminatsız kreditlərin payı 22.8%-dən 24.8%-ə yüksəlib.
Mikro sahibkarlıq seqmenti isə digər qruplardan fərqli olaraq hələ də ən yüksək təminatsız portfel payına (53.1%) malikdir, baxmayaraq ki, bu göstərici əvvəlki rüblə müqayisədə bir qədər azdır.
Xatırladaq ki, ilkin hesablamalara görə 2026-cı ilin I rübündə Azərbaycan banklarının biznes krediti portfelinin həcmi 16 milyard 178.88 milyon manata çatıb. Bu göstərici ilin əvvəlindən cəmi 0.7% artım deməkdir.






