17 C
Baku
Wednesday, May 21, 2025

Banklar biznes kreditlərinin maya dəyərindəki artımdan gileylənir

2025-ci ilin birinci rübü üzrə aparılmış sorğunun nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik qeydə alınmasa da, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üzrə kredit standartlarında yumşalma müşahidə edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən KOS subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, mikro sahibkarlıq  subyektləri üzrə isə standartlarda yumşalma olacağı qənaətindədirlər. Banklar biznes kreditləri üzrə standartlarda müşahidə olunan dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja, kovenantlar və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə tələbdə dəyişiklik müşahidə edilməyib. Banklardan gələn məlumatlara əsasən, cari ilin ilk rübündə qeyri-iş günlərinin sayının çox olması səbəbindən biznes kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik qeydə alınmayıb.

Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən, 2025-cü ilin I rübündə biznes kreditləri üzrə ümumi iqtisadi gözləntilər və maliyyələşmə dəyəri standartlara sərtləşdirici təsir edən amillər kimi qiymətləndirilsə də, banklar tərəfindən standartların sərtləşdirilməsi müşahidə edilmir.

“Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir”- deyə, bildirilir.

BAŞ BANKİRİNİN MÖVQEYİ

Mərkəzi Bankın sədri Taleh Kazımov da 23 aprel tarixində keçirilən press-konfransda bu məsələyə toxunaraq bildirib ki, hazırda bankların kredit–depozit marjaları çox yüksək – 6-8% civarındadır. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar:

“Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır.”

Taleh Kazımov press-konfransda onu da qeyd etdi ki, faizlərin artacağını gözləmirlər. “Bizim gözələntimiz odur ki, banklar öz marjalarına daha effektiv yanaşacaqlar. Çünki düşünürük ki, kifayət qədər yüksəkdir”.

Son xəbərlər
Digər xəbərlər