Rusiyada kreditlər, onların faiz dərəcələri barədə müştərilərə tam və dolğun şəkildə məlumat verilməsi üçün yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, banklar bütün məlumatları müştərilərə dolğun şəkildə verməli, eyni zamanda kredit müqavilələri üçün hazırlanacaq vahid standart formadan istifadə etməlidirlər. Məhz bu müştərilərin banklarda aldanmasının qarşısını alacaq. Analoji təcrübənin Azərbaycanda da tətbiqi məqbul sayılır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, kredit faizlərin vətəndaşa tam izah edilməməsi və onun xərclərinin aydın şəkildə göstərilməməsi, əslində, bizdə uzun zaman formalaşmış ciddi problemdən biridir: “Rusiyada da bir neçə ildir ki, artıq bununla bağlı həm mütəxəssislər, həm də Mərkəzi Bank tərəfindən banklara ciddi iradlar bildirilməkdədir. Mərkəzi Bank hətta “Fee” anlayışı var ki, çalışır banklar bunu həyata keçirsinlər. Bu, vətəndaşın krediti götürdüyü zaman əldə etdiyi vəsait ilə son ödəniş tarixində ödədiyi vəsait arasındakı fərqin çıxarılmış faizidir. Bu, artıq real faiz dərəcələrini tam ifadə etmək üçün bir göstəricidir. Məsələn, Azərbaycanda təcrübədə onunla rastlaşırıq ki, bizə real faiz dərəcəsi ilə kreditlər təklif edirlər. Əslində, həmin kreditlər sənədləşən zaman kreditin illik göstəricisinin artıq dərəcədə ifadə olunduğunu görürük. Bu zaman bank işçiləri dolayısı ifadələrlə vəziyyəti izah etməyə çalışırlar. Amma əslində, vətəndaşa bildirilməli olan faiz dərəcəsi son faiz dərəcəsi olmalıdır. Kreditin əsas məbləğinin ödənilməsi nəticəsində ona gələn faiz məbləği də azalır. Bu zaman sonda ortaya aşağı faiz dərəcəsinin çıxması bank işçisinə əsas verir ki, vətəndaşı kreditə təşviq etsin. Əslində, prosesin davamında vətəndaş komisiyon xərcləri ilə də rastlaşır. Komisiyon xərcləri isə kreditin əsas məbləğində ciddi şəkildə ifadə olunan rəqəmdir. Azərbaycanda müxtəlif banklarda müxtəlif komisiyon xərcləri tətbiq edilsə də, bunlar təxminən 1-8% arasında dəyişir. Əsasən kiçik kreditləşməni həyata keçirən banklar yüksək komsiyon faiz dərəcələri tətbiq etməklə, hətta dərəcələrini 40%-ə çatdırırlar. Lakin bu, vətəndaşa əvvəlcədən ifadə olunmur. Bunun ifadə olunmaması isə müştərilərin aldadılmasıdır.
Azərbaycan qanunverciliyində yalan informasiyanın verilməsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Lakin burada sadəcə, banklar məsələyə peşəkar yanaşır, yəni, peşə terminlərindən istifadə edərək müştəriləri təşviq edirlər. Ruiyada atılan addımın özü də doğru addımdır. Bu, müştərinin bütün xərclər daxil olmaqla ödəyəcəyi faizləri əvvəlcədən bilməsinə imkan verəcək. Mərkəzi Bank da digər bütün qərarların hansı formada banklara tətbiq edirsə, bu təklifini də qərar halına salıb qanuniləşdirməlidir. Çünki, burada sonda itirən tərəf müştəridir. Müştəri isə Azərbaycan vətəndaşıdır”.
Digər iqtisadçı ekspert Fərhad Bayramov bildirdi ki, Azərbaycan kredit bazarında vəziyyət heç də istehlakçıların mənafeyini qoruyacaq formada deyil: “Bankdan istehlak krediti alan müştəriyə tam dolğun məlumat verilmir. Bizim banklar müştəriyə kreditlər təklif edərkən hər bir kredit əməliyyatına görə komisyon haqqi da tələb edirlər. Bu komissiyon haqqını da ümumi kreditin üzərinə əlavə edərək ümumi kredit faizini həmin vəsait üzərindən hesablayırlar. Bu, müştəriyə əvvəlcədən məlumat vermədən bankların müştəriləri aldatmasi kimi də qəbul edilə bilər. Göründüyü kimi, ilk öncə kredit bazarında bu məsələni həll etmək lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində komisiyon haqqı demək olar ki banklarda 0% həddinə qədər endirilib. Ancaq bizdə həm kredit faizləri, həm də komissiyon haqları yüksəkdir. Bütün bu kimi neqativ amilləri ölkədə kredit sisteminin inkişafını ləngidən amillərdən hesab etmək olar. Düşünürəm ki, Mərkəzi Bankın bu ilin sonuna qədər bankların nizamnamə kapitalını artırmasi ilə bağlı tələbi həmin sektorda rəqabətə davamsız bankların sıradan çıxmasına gətirib çıxaracaq”.
Mövqe.az