27 C
Baku
Wednesday, June 26, 2024

Banklar Faiz Marjını Necə Müəyyən Edir: Nəzəriyyə və Praktikanın Dedikləri

Müəllif: Dr. Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitetinin Assistent Professoru

Mənbə: Banklar və biznes jurnalı

Müzakirə et

Banklar maliyyə  sisteminin əsas funksiyası olan fond axımının əsas iştirakçılarından biridir. Onların fəaliyyəti izafi fondların düzgün və səmərəli paylanması üçün xüsusi əhəmiyyət daşıyır.

Banklar öz fəaliyyətlərində gəlir məqsədi güdürlər və uzunmüddətli gəlirlilik yaratmaq üçün özlərini müəyyən risklərdən qorumalıdırlar. Bankların qarşılaşdığı əsas risklərdən biri faiz riskidir. Faizə həssas öhdəliklər və aktivlər arasında uyğunluğu qorumaq üçün banklar fəaliyyətlərini və gəlir yaradan amilləri tənzimləməlidirlər.

Bu amillərdən ən əhəmiyyətlisi və nəzarət tələb edəni öhdəliklərə ödənən faiz xərcləri ilə, aktivlərdən əldə edilən faiz gəlirləri arasındakı fərq – faiz marjıdır. Banklar faiz marjını necə müəyyən edir? Əvvəl maliyyə nəzəriyyəsinin əldə etdiyi nəticələri müzakirə edək, daha sonra praktikada görülən amilləri təqdim edəcəyik.

Nəzəri modellər:

Bu mövzuda ən əhəmiyyətli araşdırma Ho və Saunders tərəfindən aparılmışdır1. Tədqiqatçılar bankı depoziti tələb edən və krediti təklif edən diler kimi təsvir edir. Depozit və kreditlərin təsadüfi əmələ gəlməsi bankı qısa müddətli pul bazarında iştirak etməyə məcbur edir. Bank bu bazarda ya izafi fondları investisiya edir, ya da öhdəlikləri ilə aktivləri arasında fərqi örtmək üçün fond tələb edir. Beləliklə bank, riskini azaltmaq üçün faiz marjını nizamlayir. Modeldəki funksiyanı daha anlaşıqlı olsun deyə onu belə ifadə etmək olar. Faizlər belə müəyyən edilir: RL = r + bRD = r -a Burada r risksiz faiz həddi, ba isə müqavilənin bağlanması və yaranacaq faiz riski müqabilində bankın tələb etdiyi əlavə haqqdır. Modeldə depozit və kreditlərin yaranması ehtimalı bankların bunlar üçün təyin etdiyi haqqdan asılıdır. Bank b-ni artıraraq kreditin faizini yüksəldəcək və nəticədə daha az müştəri kredit tələb edəcək. Paralel olaraq, bank a-nı artırarsa depozit faizi azalacaq ki, daha az müştəri banka depozit təklif edəcək. Faiz marjı RL – RD və ya iki haqqın cəmi (a+b) kimi hesablanır.

Modelin nəticələrinə görə bankların faiz marjını aşağıdakı amillər müəyyən edir:

1. Bankın risk antipatiyası –  bankın risk iştahı artdıqca faiz marjı da azalır. Başqa sözlə, bank riskə qarşı ehtiyatın azaldığı dövrdə faiz marjını azaltmağa meyl edir.
2. Bazarın xüsusiyyəti (inhisarın rentası)– bazarın rəqabət səviyyəsi bankların faiz marjına birbaşa təsir edir. Bank bazarda inhisar olduğu zaman onun təyin etdiyi qiymətlərlə (faiz) depozit təklifi və kreditə olan tələb arasında əlaqə zəif olur. Beləliklə, bank tam rəqabətli bazara nisbətən daha yüksək faiz marjı təyin etmə gücünə sahib olur. Bankın tam rəqabətli mühitdə fəaliyyət göstərməsi faiz marjının tərkibindəki “inhisarın rentası” amilini yox edir.
3. Depozit və ya kreditin həcmi – Model belə göstərir ki, sövdələşmənin həcmi faiz marjı ilə düz mütənasibdir. Daha iri həcm kredit və ya depozitlər riski yüksəltdiyi üçün bank faiz marjını da artırmaq məcburiyyətində qalır.
4. Faizlərin dəyişkənliyi – depozit və kredit faizlərinin dəyişkənliyi artdığında risk yüksəldiyi üçün bank faiz marjını artırır.

Maraqlıdır ki, faiz marjının müəyyən edən amillər arasına bankın kredit və depozit inventarı daxil deyil. Bunu belə izah etmək olar ki, bank inventarının hansı istiqamətdə artmasından asılı olaraq bank qiymətləri dəyişdirir, ancaq marj dəyişməz qalır. Məsələn, fərz edək ki, banka depozit təklifi kredit tələbindən çox yüksəkdir. Bu zaman bank depozit faizini azaltmaqla depozit təklifini azalda, kredit faizini artırmaqla kredit tələbini artıra bilər.

Modelin bir əhəmiyyətli xüsusiyyəti də odur ki, bank sektorunda tam rəqabət  şəraiti hakim olsa da, qeyri-müəyyənliyin mövcur oldugu mühitdə  bankın faiz marjı yuxarıda sadaladığımız amillərə  görə sıfıra enməyəcək.

Bu modeli fərqli şəkildə tətbiq edən Allen2  bildirir ki, bank bazara fərqli kredit və depozit məhsulları təqdim etməklə xalis faiz marjını azalda bilər. Bu zaman bu məhsulların qiymət-tələb əlaqəsi əhəmiyyət qazanır. Bunu portfel təsiri adlandırmaq olar. Digər bir modeldə Pong Wong 3nəzəri olaraq müəyyən edir ki, faiz marjı bankın bazar gücü, fəaliyyət xərcləri, kredit riski, və faiz riski ilə düz mütənasibdir. Faiz riski azaldığında, sərmayənin aktivlərə nisbəti artarsa faiz marjı azalır. Bunu belə izah etmək olar ki, bankın sərmayəsi artdığında risk iştahı da artır və aşağı faiz marjı ilə fəaliyyət göstərməyə razı olur. Araşdırma, həmçinin, müəyyən edir ki, banklararası kredit bazarının marjlara təsiri bankın bu bazardakı mövqeyindən asılıdır.

Tətbiqi təcrübə:

Beləliklə  yuxarıda qeyd etdiyimiz və digər modellərin təcrübədəki istifadəsi və göstərdiyi nəticələrə nəzər salaq. Faiz marjı, adətən, (faiz gəliri – faiz xərci) / faiz qazanan cəmi aktivlər olaraq hesablanır. Ho and Saunders modeli ABŞ bankları üzərində test edir və müəyyən edir ki, bazarda bankın davranışına təsir edən digər faktorlar da var. Birincisi, bankın digər fəaliyyətlərindən yaranan gəlir və xərclər. Müəlliflər göstərir ki, bu fəaliyyətlərdən əldə edilən zərər yüksək olarsa, bank faiz marjını artırır. İkincisi, faiz qazanmayan ehtiyatlar bank üçün gizli fürsət maliyəti yaradır. Model müəyyən edir ki, bunun əhəmiyyəti o qədər də yüksək deyil. Üçüncüsü isə verilən kreditlərin keyfiyyəti az və geri qayıtma ehtimalı zəifdirsə, bank faiz marjını artırır. Bu hala biz adətən böhran mühitində rast gəlirik.

Saunders və Schumacher4 [4] Avropanın 6 ölkəsi və ABŞ bankları arasında apardığı araşdırmaya görə belə nəticəyə gəlir ki, bankın kapitallaşması ilə faiz marjı arasında tərs mütənasib əlaqə mövcuddur. Həm coğrafı, həm fəaliyyət baxımından sektor nə qədər qruplaşmış və ya məhdudlaşdırılmış olarsa faiz marjları bir o qədər yüksək olar. Eyni zamanda, onlar belə nəticəyə gəlir ki, makro iqtisadi siyasətin, xüsusilə faizlərdəki dəyişkənliyin bank marjları üzərində təsiri böyükdür.

Demirgüc-Kunt və Huizinga5 80 ölkənin bankları arasında etdikləri təcrübənin nəticələrini belə açıqlayırlar. Bank aktivlərinin ÜDM-yə nisbəti bankların faiz marjı və gəliri ilə tərs, bazar təmərküzləşməsi isə düz mütənasibdir. İnkişaf etməkdə olan ölkələrdə xarici banklar yerli banklara görə daha yüksək marj və gəlirə sahibdir. İnkişaf etmiş ölkələrdə bunun əksi mövcuddur. Eyni zamanda, banklar dövlətə ödədiyi vergi artarsa, faiz marjları da artır ki, bu bankların vergi yükünü müştərilərə yüklədiyni göstərir.

Maraqlıdır ki, müəlliflər müəyyən edir ki, kapitalı yüksək olan bankın faiz xərci az olduğundan kapitallaşma ilə faiz marjı  arasında müsbət əlaqə mövcuddur. İnflyasiya ilə  faiz marjı arasında düz mütənasib əlaqə var –  inflasiya artdıqda banklar faiz marjını artırır. Bazar faizləri ilə marjlar arasındakı müsbət əlaqə, xüsusilə  inkişaf etməkdə olan ölkələrdə yüksəkdir. Müəlliflər depozitlərin sığortalanması və faiz marjı ilə  statistik əlaqə tapa bilmirlər, bu da onunla izah olunur ki, əmanətlərin sığortalanması qaydaları ölkədən  ölkəyə dəyişir. Onlar bir daha təsdiq edirlər ki, inhisarçılığın yüksək olduğu ölkələrdə banklarn faiz marjı çox yüksəkdir.

Əlavə olaraq, Zarruk və Madura6 müəyyən edir ki, bankların kapital-depozit nisbəti və depozit sığortası primi artdığında faiz marjı azalır.

Azərbaycan bank sektoruna tətbiqi:

Yuxarıda qeyd edilən modelləri Azərbaycan bank sektoruna tətbiq edərkən üç xüsusiyyəti yaddan çıxartmaq olmaz. Birincisi, dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər banklardan bazar gücünün daha üstün olmasıdır. İkincisi, əmanətlərin sığortalanması 2009-cu ilin May ayına qədər uçot faizləri ilə əlaqəli idi. Əmanətlərin Sığortalanması Qanununa görə ancaq uçot faizinin 1.8 misli qədər və az faiz təklif edən depozitlər dövlət tərəfindən sığortalanırdı. Beləliklə, faiz dərəcəsi azaldıqda yüksək faiz verən depozitlər sığortalanmamış olurdu. Bu isə depozit təklifinə əlavə təsir edir. Üçüncüsü isə, Azərbaycanın əsasən neft ölkəsi olmasıdır. Artan neft gəlirlərinin ölkə iqtisadiyyatına daxil olması bankların risk iştahını artıra bilər və onları faiz marjını azaltmağa sövq edə bilər.

Müəllifin ilkin təcrübi nəticələri onu göstərir ki, Azərbaycan bank sektorunda faiz marjları ilə uçot dərəcəsi arasında müsbət  əlaqə mövcuddur. Mərkəzi Bank tərəfindən uçot dərəcəsi artdığında faiz marjı da artır. Belə təxmin etmək olar ki, bankların fondlarının maliyyəti artdığı üçün  faiz marjlarını da artırırlar. Orta depozit və kredit faizləri ilə uçot dərəcəsi arasında əlaqə müsbətdir, ancaq bu təsir kredit faizləri depozit faizlərindən iki dəfə böyükdür. Əlavə araşdırmaya ehtiyac olsa da, ilkin nəticə onu göstərir ki, uçot faizinin artmasından yaranan xərci banklar kredit müştərilərinə yükləyirlər.

Digər tərəfdən, neft qiymətləri ilə Azərbaycan banklarının faiz marjları arasında mənfi əlaqə mövcuddur. Neft qiymətlərinin artdığı vaxtda banklar risk iştahını artırır və  faiz marjlarını azaldır. Neft qiymətləri azaldığında isə  tərsi baş verir. Eyni zamanda, bazar gücü yüksək olan ABB-ın faiz marjının daha yüksək olacağı gözlənilir. Ancaq bu təsirləri daha dərindən təhlil etmək üçün əlavə testlərə ehtiyac vardır. Araşdırmamız başa çatanda bu mövzuya yenidən qayıdacağıq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər