8 C
Baku
Wednesday, January 8, 2025

Banklar hansı növ vergiləri ödəyir?

Vergi Məcəlləsinin 218.21-ci maddəsinə əsasan kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardların sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur.

“Banklar haqqında” Qanunun 11-ci maddəsinə əsasan isə bank dedikdə fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin (cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs başa düşülür.

Göründüyü kimi, bankların sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığından, onlar mənfəət vergisinin ödəyiciləri kimi vergi uçotuna alınaraq hesabat ili ərzində əldə olunan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və qanunvericiliklə gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcəsi ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisi bəyannaməsi”- ni təqdim etməlidirlər.

Mənfəət vergisinin ödəyicisi kimi banklar əmlak vergisinin də ödəyicisi olaraq mülkiyyətində olan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcə ilə əmlak vergisi hesablayaraq, hesabat ilindən sonrakı ilin mart ayının 31-dan gec olmayaraq “Əmlak vergisi bəyannaməsi”ni təqdim etməlidirlər.

Onu da qeyd edək ki, ƏDV məqsədləri üçün qeydiyyata alınan, banklar tərəfindən vergidən azad olunan malların (işlərin, xidmətlərin) təqdim olunması (ilk növbədə da Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasan ƏDV-dən azad edilən maliyyə xidmətlərinin göstərilməsi) istisna olmaqla digər malların (işlərin, xidmətlərin) təqdim olunması ƏDV-ə (cəlb olunan əməliyyat hesab olunur.)

Eyni zamanda, bank öz əməkdaşlarına muzdlu işlə əlaqədar hesablanan aylıq gəlirdən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən dərəcələrlə ödəmə mənbəyində vergini tutaraq, müvafiq qaydada bəyan etməklə dövlət büdcəsinə ödəməlidirlər.

Bundan başqa, bankların həyata keçirdiyi fəaliyyət zamanı fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq, müvafiq vergitutma obyekti olduqda digər vergi öhdəlikləri də (ödəmə mənbəyində tutulan vergi, yol vergisi, torpaq vergisi və s.) yarana bilər.

Həmçinin mənfəət vergisindən verilən güzəştləri tənzimləyən Vergi Məcəlləsinin 106-cı maddəsində banklara (Mərkəzi Bank və onun qurumları istisna olmaqla) güzəştlərin verilməsi nəzərdə tutulmayıb.

Ödəmə mənbəyindən tutulan vergilərə gəldikdə isə, banklar aşağıdakı hallarda ödəmə mənbəyindən vergiyə cəlb olunmaya bilərlər:

a) Banklar tərəfindən divident şəklində alınan dividentlər divident kimi hüquqi və fiziki şəxslərə ödəndikdə (Vergi Məcəlləsi, maddə 122.2);

b) Banklar tərəfindən rezident statusu olan kredit təşkilatlarına və maliyyə lizinqi həyata keçirən şəxslərə, qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan respublikasındakı daimi nümayəndəliklərinə faizlər ödənildikdə (Vergi Məcəlləsi, maddə 123.1);

c) Banklar tərəfindən rezident müəssisələrə və ya qeyri rezidentlərin daimi nümayəndəliklərinə daşınan və daşınmaz əmlak üçün icarə haqqı və royalti ödənildikdə (vergi Məcəlləsi, maddə 124,3);

d) Müəyyən dövlətlə ikiqat vergitutmanı aradan qaldırmaq məqsədi ilə müqavilə mövcud olduğu halda və müvafiq dövləti təmsil edən qeyri-rezidentə bəzi növ ödənişlər (dividentlər, faizlər və s) edilərkən, həmin qeyri-rezident tərəfindən vergi inzibatçılığının qaydalarına uyğun olaraq xüsusi arayış forması edildikdə, ilkin azadolma mexanizminin tətbiqi zamanı.

Son xəbərlər
Digər xəbərlər