Mayın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçirilir.
Banker.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir.
Plenar iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin, R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qanun layihələrinə baxılacaq.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” sazişlərin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini nəzərdən keçirəcəklər.
İclasda, həmçinin Miqrasiya, Vergi, Cinayət, İnzibati Xətalar məcəllələrində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxılacaq.
Deputatlar “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.