“Banklar haqqında” qanun bank müflis olarkən ödənişlərin növbəliyinə dair dəyişikliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev təsdiqləyib.
Banker.az xəbər verir ki, qanun 82.1.7-ci bəndinə bu redaksiya verilib: dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər”
Buna qədər isə bu bənddə qeyd edilirdi: “bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər”.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
M a d d ə 82. Ödənişlərin növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
82.1.1. fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla, fiziki şəxsin 10 milyon manatadək əmanəti üzrə tələbi;
82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər;
82.1.8. təminatsız kreditorların tələbləri.
82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.