2025-ci ilin ilk səkkiz ayında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fonduna daxil olan vəsait əvvəlki ilin eyni dövrü ilə müqayisədə praktik olaraq eyni səviyyədə qalsa da, istiqraz emissiyalarının payı artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin ilk səkkiz ayında Fondun ixtiyarına verilən mənbələr 416 milyon manat təşkil edirdisə, 2025-ci ilin ilk səkkiz ayında bu göstərici 448 milyon manata yüksəlməklə illik 8% artım göstərib. Lakin dövlət büdcəsindən ayrılan vəsait 66 milyon manatdan 48 milyon manata enib, Fondun yerləşdirdiyi istiqrazların həcmi isə 350 milyon manatdan 400 milyon manata yüksəlib. Beləliklə, ipoteka istiqrazları illik müqayisədə Fonda 14 faiz daha çox vəsait cəlbinə səbəb olub.
Banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 338 milyon manatdan 305 milyon manata – illik müqayisədə 10 faiz azalıb. Paralel olaraq İKZF-in yenidən maliyyələşdirdiyi kreditlər 281 milyon manatdan 286 milyon manata qədər 2 faiz artıb.
Bu dəyişikliklərin nəticəsi kimi, ümumi ipoteka portfeli 1 sentyabr 2024-dən 1 sentyabr 2025-ə qədər 4 milyard 97 milyon manatdan 4 milyard 499 milyon manata qədər artaraq illik 10 faiz genişlənib. 2025-ci ilin ilk səkkiz ayında kredit portfelində 253 milyon manat və ya təxminən 6 faiz əlavə artım qeydə alınıb. Göründüyü kimi səkkiz ay üçün 6 faizlik artım tempi son beş il üçün ən aşağı göstəricidir. Məsələn, illərə nəzər salsaq, pandemiyanın hökm sürdüyü 2020-ci ilin ilk səkkiz ayında bu kreditlər üzrə artım 7 faiz idi. Sonrakı illərdə bu rəqəm 12, 14, 16 faizə qədər yüksəlmişdi. Keçən ilin ilk səkkiz ayında isə ipoteka kreditlərinin artım dinamikası 13 faiz olmuşdu.
Öncəki ayda qeyd etdiyimiz kimi, banklar ipoteka kreditlərində daha “həvəssiz” görünür. Hazırda kommersiya bankları daxili ipoteka kreditlərini 11% civarında təklif etməklə ev almaq istəyən şəxslər üçün cəlbediciliyi azaldır.
Mərkəzi Bankın məlumatına görə, ipoteka kreditləri üzrə qeyri-işlək kreditlər səvyyəsi cəmi 0.7 faizdir. Bu digərləri ilə müqayisədə ənənəvi olaraq çox aşağıdır.
Lakin bir fakt da var. Məsələn “Fitch Rating” beynəlxalq reytinq agentliniyinin açıqlamasında bildirir ki, AMB-nin bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə (fiziki şəxslərə verilən) kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır. Pərakəndə kreditlər istehlak və ipoteka kreditlərini əhatə edir.
Əlavə olaraq, ipoteka kreditlərinin orta faizləri istər illik, istərsə də cari ilin əvvəlinə nisbətdə 6.37 faizdə sabit qalıb. Orta ödəniş həcmləri isə 65 297 manat olmaqla keçənilki 63 579 manatdan cəmi 3 faiz yüksəkdir. İpoteka kreditlərinin orta müddəti isə 23 il 6 aydan 23 il 4 aya düşüb.
MƏRKƏZİ BANKIN BU BARƏDƏ ŞƏRHİ
AMB-nin mayda təqdim etdiyi sorğuya əsasən, banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirdilər.
Banklardan gələn sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmasıdır.
Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağı qənaətində idilər.