2025-ci ilin birinci rübü üzrə aparılmış sorğunun nəticələrinə əsasən, həm daxili ipoteka kreditləri, həm də İpoteka və Kredit Zəmanəti Fondunun hesabına verilən kreditlər üzrə standartlarda nəzərəçarpan dəyişiklik müşahidə edilməyib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
Banklardan gələn sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmasıdır.
Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər.
Bankların sorğuda qeyd etdiyi cavablara görə, ipoteka kreditləri üzrə kredit standartlarına bankların maliyyələşmə dəyəri, inflyasiya və daşınmaz əmlak bazarı üzrə gözləntiləri sərtləşdirici təsir göstərən faktorlar olub.
Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.