Bəzi banklar müştərilərinə hesablarındakı manatı dollar ilə çıxarmasına məhdudiyyət tətbiq etməyə başlayıb. Halbuki müştərilərin bankların məzənnələrinə uyğun olaraq bu hesablardan manat vəsaitlərini dollarla əldə etmək seçimləri hər zaman olub. Ekspertlər bildirir ki, banklar belə bir seçim təqdim etməli olmalarına baxmayaraq, bəzi şəxslər də bu vəziyyətdən sui-istifadə edirlər.
Banker.az-ın Xəzər TV-yə istinadən xəbər verir ki, ekspert Rəşad Həsənov bildirir ki, hazırda bazarı dollarla təmin etməli olan Mərkəzi Bank bu funksiyasını tam icra etmir və hərraca çıxarılan xarici valyuta ancaq Dövlət Neft Fondunun bazara çıxardığı vəsaitdən ibarət olur.
Bu isə bankları xarici valyutaya möhtac etdiyindən, onlar maliyyə sabitliklərini təmin etmək üçün müxtəlif məhdudiyyətlər tətbiq etməyə məcbur olurlar.
Ancaq Rəşad Həsənov qeyd edib ki, bəzən banklar xarici valyutada da vəsaiti olan şəxslərə də qərəzli yanaşırlar. Bu isə qəbuledilməzdir.
Ekspert bildirir ki, belə halla rastlaşan vətəndaşlar öz haqqlarını tələb etmək üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Platasına müraciət etməlidirlər.