21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Banklar tərəfindən müştərilərə təklif edilən fərqli əmanətlər

Screen Shot 2021 09 02 at 14.34.20

Banker.az monitorinq qrupu bu yazısında çox maraqlı bir mövzuya toxunub. Bildiyimiz kimi, Banklarımızda təklif edilən əmanətlər əksər hallarda 2 növdə olur. Bunlardan biri “müddətli” əmanətlər, digəri isə “yığım” tipli əmanətlərdir. Bu əmanət növləri üzrə bir sıra oxşar cəhətlər olsa da, “yığım” əmanətlərini fərqləndirən əsas özəllik əmanət müddəti ərzində əlavə vəsaitin qoyuluşuna icazə verilməsidir. Həm “müddətli”, həm də “yığm” əmanətlərinə xas olan özəlliklər isə aşağıdakılardır:

  • Əmanətçi ilə Bank arasında müqavilənin müəyyən müddətə bağlanması;
  • Faizlərin alınması üçün müştəriyə seçimlər verilməsi; Bu seçim əsasən “aylıq” və ya “müddətin sonu” şəklində olsa da bəzi banklarda “rüblük”, “yarım illik” və “illik” şəklində olan seçimlər də mövcuddur.
  • Əmanəti müqavilədə göstərilən müddətdən daha tez geri götürdükdə ödənilmiş faizlərin bir qisminin cərimə şəklində bank tərəfindən tutulması və s.

Bəzi Banklar tərəfindən xüsusi şərtlərlə dizayn edilmiş əmanətlər də təklif edilir ki, həmin əmanətlərdə yuxarıda sadaladığımız standart şərtlər tətbiq olunmur. Bu əmanətlər adətən “sərbəst”, “tələbli”, “müddətsiz”, “avans” və s. şəkildə adlandırılır. Monitorinq qrupumuz Bankların təklif etdikləri bu tip əmanətlərin əsas özəlliklərini Sizlər üçün toplayıb. Buyurub tanış ola bilərsiniz.

  1. AccessBank, “Əlverişli Əmanət” – Bu əmanət növündə nə müddətə nə də əlavə edilən vəsaitə heç bir məhdudiyyət qoyulmur. Əmanəti hər 3 valyutada (AZN/USD/EUR) aça bilərsiniz. Minimal məbləğ 1000 AZN / USD / EUR təşkil edir. Pulunuzu Bankdan istədiyiniz vaxt geri çəkə bilərsiniz və bu zaman Sizdən heç bir cərimə tutulmur. Faizlərə gəldikdə isə, AZN – 6%, USD – 1%, EUR – 0.5% təşkil edir.
  2. AmrahBank, “Avans Əmanəti” – Bu əmanət növünün əsas özəlliyi faizlərin ödənilməsi ilə bağlıdır. Belə ki, digər əmanətlərdən fərqli olaraq bu əmanətdə faizlər aylıq və ya müddətin sonunda deyil, müddətin əvvəlində ödənilir. Əmanətin müddəti 12 aydır. Minimal məbləğ 1000 AZN / USD / EUR təşkil edir . AZN – 10%, USD – 3%, EUR – 1.2% lə cəlb edilir. Əmanəti vaxtından əvvəl çıxardıqda cərimə tutulur.
  3. ExpressBank, “Əlavə fürsət” əmanəti – Bu əmanət növü də Amrahbankın Avans əmanətində olduğu kimi, faizlərin qabaqcadan, müddətin əvvəlində ödənilməsi ilə seçilir. Əmanət yalnız AZN vəlyutasında və minimal məbləğ 500 AZN olmaq şərtilə cəlb edilir. 12 ay müddətinə cəlb edilən əmanətin illik faiz dərəcəsi 9% təşkil edir. Əmanəti vaxtından əvvəl çıxardıqda cərimə tutulur.
  4. Kapital Bank, “Müddətsiz” depozit – Əmanət adında deyildiyi kimi müddətsiz olaraq deyil 12 ay müddətinə cəlb edilir, lakin müddət bitdikdə avtomatik olaraq cari şərtlərlə uzadılır. Əmanətin əsas özəlliklərindən biri əmanət müddəti ərzində istənilən vaxt minimal 100 AZN / USD olmaqla vəsait əlavə etmək və əmanətin minimal məbləği (100 AZN/USD) həddinədək əmanəti azaltmağa icazə verilməsidir. Əmanət müştəri tərəfindən istənilən vaxt geri çəkilə bilər və bu zaman Bank heç bir cərimə tətbiq etmir. AZN üzrə cəlbetmə faizi illik 1%, USD üzrə isə 0,01% təşkil edir.
  5. Muğanbank, “Avans Əmanəti” – Amrahbankın eyni adlı və ExpressBankın “Əlverişli əmanət” növü ilə eyni özəlliklərə sahibdir. Yəni əmanətçiyə faizlərin ödənilməsi müddətin əvvəlində həyata keçirilir. AZN və USD valyutasında cəlb edilir, müddət isə 12 aydır. AZN valyutasında illik 12%, USD valyutasında isə illik 3% olmaqla gəlir qazandırır. Əmanəti vaxtından əvvəl çıxardıqda cərimə tutulur.
  6. Naxçıvanbank, “Tələbli əmanət” – Müştəri ilə bank arasında əmanət müqaviləsi müddətsiz olaraq bağlanılır və müştərinin ilk tələbində əmanət məbləği hesablanmış faizlərlə bir yerdə, heç bir cərimə tətbiq edilmədən müştəriyə ödənilir. Əmanəti istənilən vaxt artırmaq və azaltmaq mümkündür. Minimal məbləğ 100 AZN, illik faiz dərəcəsi isə 2%-dir. Xarici valyutada bu əmanət növü üzrə vəsait yerləşdirməyə icazə verilmir.
  7. NBC Bank, “Tələbli əmanət” – Minimal 200 şərti vahid olmaqla hər 3 valyutada (AZN / USD / EUR) bu əmanət hesabını aça bilərsiniz. Əmanətin müddətsizdir və ilk tələbdə müştəriyə hesablanmış faizlərlə bir yerdə geri ödənilir. Əmanəti istənilən vaxt artırmaq və ya azaltmağa icazə verilir. Faizlər AZN üzrə illik 4%, USD və EUR üzrə isə illik 1 % təşkil edir.
  8. RabitəBank, Kartmane – Plastik kart vasitəsilə açılan “yığım” tipli əmanətdir. Hesab AZN və ya USD valyutasında və minimal 100 şərti vahid olmaqla 24 ay müddətinə açılır. Hesab üzrə istənilən vaxt artım və ya azaltma etmək mümkündür və bu zaman cərimə tutulmur. Əmanət üzrə faizlərin hesablanması fərqli alqoritm üzrə həyata keçirilir, belə ki kart hesabında olan vəsaitə hesablanan illik faiz həmin vəsaitin hesabda qalma müddətinə görə dəyişir. Ətraflı aşağıdakı cədvəldə qeyd edilib:
Valyuta 1-3 ay 3-6 ay 6-9 ay 9-12 ay 12-24 ay
AZN 2% 3% 4%  5% 6%
USD 0,5% 0,5% 0,5% 1% 1%

 

  1. Unibank, “Proqressiv əmanəti” – Bu əmanət növündə də Kartmane-də olduğu kimi faizlərin hesablanması vəsaitin hesabda qalma müddətinə görə dəyişir. Vəsait daha çox qaldıqca hesablanan faizlər də artır. Əmanətin müddəti 12 ay, minimal məbləğ isə 200 AZN təşkil edir. Xarici valyutada bu əmanət hesabı açılmır. Əmanətin artırılmasına yol verilmir. Əmanəti istənilən vaxt, heç bir cərimə ödəmədən Bankdan geri çəkmək mümkündür. İllik faiz dərəcəsi ilə aşağıdakı cədvələ əsasən hesablanır.
Valyuta 1 – 30 gün 31 – 90 gün 91 – 180 gün 181 – 271 gün 272 – 364 gün 365 gün
AZN 3% 4% 5%  8% 9% 11%

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər