15 C
Baku
Sunday, November 24, 2024

Banklar təkrar bazarda tez bir müddətdə satıla biləcək modellərə kredit ayırırlar

Müəllif: Seymur Yunusov

Bankların avtomobil kreditinə maraqaları həmişə böyük olub. Amma son zamanlar onlar bu kredit növünə ehtiyatla yanaşmağa başlayıblar.

Avtomobillərin satışının çətinləşməsi, kredit götürənlərin maliyyə durumlarının pisləşməsi və kreditlər üzrə faiz dərəcələrinin cüzi aşağı düşməsi bankların iş prinsipinə təsir göstərib. Əgər əvvəllər banklardan rahat bir şəkildə avtomobil krediti götürmək mümkün olurdusa hazırda bu sahədə tələblər sərtləşdirilib. Banklar kredit ayrılacaq şəxsin durumunu ciddi araşdırırlar. 

Əsasən kredit etibarlı təşkilatda çalışan, yüksək əmək haqqı olan şəxslərə ayrılır. İndi banklar avtomobil üçün kredit məbləğlərini vaxtında geri qaytarılmayacağı halda girov qoyulmuş avtomobilin  müsadirə olunmasını istəmirlər. Çünki sonradan həmin avtomobili bankalar istədikləri qiymətə, istədikləri zamanda sata bilmirlər.

Bankların gəlirlərinin bir qisminin verdikləri kreditlərdən əldə etdiklərinin nəzərə alsaq, kredit ayırmaqdan çox imtina etmək də banklara sərf etmir. Buna görə də banklar avtomobil krediti sahəsində yeni yollar axtarıb tapırlar. Məsələn, son zamanlar bankların ayırdıqları avtomobil kreditlərində nəzərəçarpacaq digər məqam kreditin ayrı-ayrı markalar üzrə verilməsidir. Yəni banklar təkrar bazarda daha tez bir müddətdə satıla biləcək modellərə kredit ayırırlar. Digər bir tendensiya isə bankların rəsmi distribütor və dilerlərlə işləməyə daha çox üstünlük vermələridir. Belə ki, hazırda bir sıra rəsmi distribütor və dilerlər işlənmiş avtomobillərin də satışı ilə məşğul olurlar. Bu da banklara sərf edir. Çünki kredit götürən krediti vaxtında geri qaytara bilmədiyi halda girov olunmuş avtomobili bank dilerlər vasitəsilə servis olunmuş və zəmantli bir şəkildə rahat sata bilərlər. Həmçinin bir sıra banklar və avtomobil dilerləri bir holdinqə məxsus olduğundan həmin bank özlərinin Azərbaycanda təmsil etdikləri avtomobil markalarına daha əlverişli şərtlərlə kredit ayırırlar. Məsələn, NBC Bank və Nissan, Ford, Peugeot, Range Rover, İnfiniti markalarının rəsmi satış hüququ Nurgün Qrupa məxsus olduğundan NBC Bank həmin marklalı avtomobilləri əldə etmək üçün daha əlverişli şərtlərlə kredit ayırır. Həmçinin Bank Respublika və Mazda, Honda, Subaru, Mitsubishi markaları bir qrupa məxsusdur. Elə Bank Respublika da həmin adları çəkilən markalı avtomobili alanlara kredit ayırır. Xüsusilə, bank və avtomobil markasının bir qrupa məxsus olduğu nümunələrdə kredit faizi aşağı və müddəti isə uzun olur. Əgər başqa banklar avtomobil kreditini 24-28 faizlə 36 aya qədər ayırırlarsa, markalara yaxın banklar krediti 19-23 faizlə 60 aya qədər ayıra bilirlər.

Digər banklar da müyyən markalara kredit ayırmaqla avtomobil krediti kampaniyalarına start verməkdədirlər. Məsələn, Yapı Kredi Bank Azərbaycan Volkswagen, Audi, Skoda, Toyota, BYD, Hyundai, Fiat, Chevrolet, Cadillac, Hummer, Opel, Tem-Sa, Mercedes, Nissan, Ford, Land Rover və Porsche markalı avtomobillərin dilerləri ilə əməkdaşlıq etməktədir. Bank həmin markalı avtomobilləri  ilkin ödənişdən, müddətindən asılı olaraq 15-19 faizlə kreditlə əldə etmək şansı yaradır. Azərbaycan Sənaye Bankı isə Chevrolet avtomobil kreditin təklif edir. Azərbaycanda Chevrolet avtomobillərinin rəsmi distributoru olan Performance Centre şirkətindən Chevrolet avtomobili almaq istəyənlər Azərbaycan Sənaye Bankı vasitəsilə illik 18-20 faizlə 36 aya qədər kreditlə əldə edə bilərlər. İllik 30-32 faizlə avtomobil krediti verən Bank of Azerbaijan isə 2005-ci il və aşağı olan bir sıra işlənmiş markalara və modellərə kredit vermir. İşlənmiş avtomobillərdən söz düşmüşkən banklar son zamanlar belə avtomobillərə kredit ayırmağa maraq göstərmirlər. Hökumətin işlənmiş avtomobillərin idxalına və istismarına qadağa qoyula biləcəyi barədə bəyanatları bankları daha ehtiyatlı edib.

Biz sizlərə  tövsiyə edirik ki, kreditlə təzə avtomobil almağı düşünürsünüzsə bəyəndiyiniz markanın Azərbaycanda nüfuzunu, təkrar bazarda satıla bilmək qabiliyyətini nəzərdən keçirin. Əgər ürəyinizdən işlənmiş Mercedes və BMW almaq keçirsə çox güman ki, onu kreditlə ala bilməyəcəksiniz. Baxmayaraq ki, həmin avtomobillər ötən əsrin 90-cı illərində istehsal olunsa da texniki vəziyyətinə görə bir sıra markaların təzə modellərindən keyfiyyətlidir.

Son xəbərlər
Digər xəbərlər