2019-cu ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli,41% – 13 mlrd. 198 mln. manatadək artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 494,3 mln. manat (ilin əvvəlindən azalma 5,7%) və ya bütün kreditlərin 11,3%-ni təşkil edir.
Mayın 31-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 158,4 mln. manat (artım 2,8%) və ya bütün kreditlərin 16,4%-i, özəl banklar tərəfindən 10 mlrd. 703 mln. manat (artım 1,6%) və ya bütün kreditlərin 81,1%-i həcmində kredit verilib. Qalan 336,6 mln. manat (azalma 14,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il mayın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 541,9 mln. manat (artım 5,8%) milli valyuta, 4 mlrd. 656,1 mln. manat (azalma 5,9%) xarici valyuta ilə verilib. Cari ilin may ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 35,3% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il mayın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 287 mln. manat (bütün kreditlərin 17,3%-i) ticarət və xidmət sahələrinin, 444,4 mln. manat (3,4%) energetika, kimya və təbii sərvətlər sektorunun, 497,4 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 365,8 mln. manat (2,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 772,9 mln. manat (5,9%) sənaye və istehsal sektorunun, 1 mlrd. 301,2 mln. manat (9,9%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 658,5 mln. manat (42,9%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 6,4% artıb.
©İnterfaks-Azərbaycan